Hər il bayramla əlaqədar məktəblərdə tətil elan olunur. Lakin bir çox valideyn və müəllim uşaqların bu tətildən istifadə etməsinə imkan vermir və tətil günlərində belə onları dərs etməyə məcbur edirlər.
Bu vəziyyət uşaqların psixologiyasına necə təsir edə bilər?
AzEdu.az-a mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova danışıb.
O, qeyd edib ki, bir çox ailələrdə bayram günlərində belə müəyyən təşvişlər yaranır:
"Ümumiyyətlə, uşaqlar üçün verilən tətillər 3-5 gündən ibarət olur və həmin müddət ərzində təhsildə balansın pozulması, uşaqların nəyisə unutması mümkün deyil.
Bu minvalla götürdükdə, bir çox ailələrdə bayram günlərində belə müəyyən təşvişlər yaranır. Bəzən uşaqlar gəzintidən bir az kənara çıxa bilirlər və ya bayram günləri onlara dərs zamanı bəzi məhdudiyyətlər tətbiq edilir. Mütəxəssislər və müəllimlər də bunu nəzərə almalıdırlar ki, uşaqlar məktəbə tam hazır vəziyyətdə qayıtsınlar. Məktəbin indiki təhsil sisteminə baxsaq, görürük ki, uşaqlara verdiyi bilikdən daha çox valideynlərin əlavə hazırlığı rol oynayır. Artıq birinci sinifdən əvvəl uşaqlar məktəbə gəlmədən oxumağı və yazmağı öyrənirlər, halbuki bunlar məktəbdə öyrədilməlidir".
Müəllimlər bayram günlərində çox ev tapşırığı verməsinlər:
"Bizim vaxtımızda məktəbdə hər şeyi öyrədirdilər. Kiçik siniflərdə uşaqlara bədii ədəbiyyat, hekayələr və nağıllar verilir, danışıq və oxu bacarıqları inkişaf etdirilirdi. Eyni zamanda bayramı necə keçirdiyimizlə bağlı esse yazmalı idik. Bu, uşaqların düşüncələrini inkişaf etdirmək üçün çox faydalı idi.
Mən müəllimlərə tövsiyə edərdim ki, bayram günlərində uşaqların valideynləri ilə ilkin effektiv ünsiyyətinə mənfi təsir göstərəcək qədər çox ev tapşırığı verməsinlər. Elə edin ki, uşaq bayramdan sonra məktəbə həvəslə qayıtsın, yeni alacağı qələmlə və oxuyacağı kitabla təəssüratlarını müəllimləri ilə paylaşsın. Hər kəsin özünə aid düşüncəsi var və insan sosial varlıqdır. Sosiallaşma məktəbdən başlamalıdır ki, gələcəkdə uşaqlar öz fikirlərini rahat ifadə edə bilsinlər. Buna görə də tətillərdə uşaqların istirahətinə və dincliyinə şərait yaratmalıyıq".