Azedu.az

2025-ci il Azərbaycan təhsili üçün necə yadda qaldı?

Xəbərlər

31 Dekabr 2025, 09:52
2025-ci il Azərbaycan təhsili üçün necə yadda qaldı?

2025-ci il Azərbaycanda təhsil sahəsi üçün dönüş ili oldu. İdarəçilikdə aparılan dəyişikliklər, imtahan sistemində yeni yanaşmalar, ali təhsilə rekord maraq və müəllimlərin fəaliyyətində tətbiq olunan yeniliklər bu ili yadda qalan etdi.

AzEdu.az Təhsil Portalı 2025-ci ilin yekununda ölkəmizdə təhsilin bütün pillələrində baş verən mühüm hadisələri araşdırıb.

Ali təhsildə yeniliklər və rektor təyinatları

İlin əvvəlindən etibarən ali təhsil sistemində bir sıra mühüm dəyişikliklər baş verdi. 3 fevral tarixində Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru təyin edildi. Ardınca, 12 fevral tarixində Sumqayıt Dövlət Universitetinə (SDU) Əminağa Sadıqov rektor əvəzi təyin olundu. 9 aprel tarixində isə Mingəçevir Dövlət Universitetinə Anar Eminov rektor vəzifəsinə gətirildi.

Sentyabrın 3-də Xəzər Universitetinin rektoru vəzifəsinə Raziyə İsayeva təyin olundu. Eyni zamanda, ilin sonlarına yaxın Peşə Təhsili üzrə Dövlət Agentliyinə İlqar Bayramlı, Təhsilin İnkişafı Fonduna isə Nicat Məmmədli sədr təyin edildi. Bu təyinatlar ölkədə təhsil idarəçiliyində gənc və dinamik kadrların ön plana çıxmasını göstərdi.

İmtahan sistemi və abituriyent statistikası

2025-ci il ali məktəblərə qəbul imtahanları rekord nəticələrlə yadda qaldı. 2 mart tarixində keçirilən imtahanda 56 971 abituriyent iştirak etdi və 23 nəfər 300 bal toplayaraq ən yüksək nəticəyə nail oldu. 9 mart imtahanında isə 58 732 nəfərdən 407 nəfər iştirak etmədi, 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğuna görə ləğv olundu və 20 nəfər 300 bal topladı.

2025/2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul 57 236 abituriyenti əhatə etdi. Bakalavriat səviyyəsində 63 025 plan yerindən 60 860 nəfər ali məktəblərə daxil oldu ki, bu da plan yerlərinin 96,6 faizinin doldurulduğunu göstərir. Qəbul olunan tələbələrin 29 962 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ qazandı. Magistratura səviyyəsində isə 17 558 plan yerindən 14 335 nəfər qəbul oldu, onlardan 7 094 nəfər (40,4 faiz) dövlət sifarişi əsasında təhsil aldı.

Peşə təhsili sahəsində 78 müəssisədə 152 ixtisas üzrə 32 620 plan yerdən 27 021 nəfər qəbul edildi. Yüksək texniki peşə təhsili səviyyəsində isə 2 590 nəfər tələbə adını qazandı.

Məktəbəqədər və ümumi təhsil

2025-ci ildə ölkə üzrə 220 000 uşaq məktəbəqədər təhsilə cəlb edildi. Hazırda 1 708 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2025–2026-cı tədris ilində 131 815 uşaq birinci sinfə qəbul olundu, 86 395 uşaq isə məktəbəhazırlıq qruplarında təhsil aldı.

Ölkədə 4 279 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Müəllim heyəti 130 000 nəfər, şagird sayı isə 1,6 milyon nəfərdən çoxdur. 2025-ci ildə investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 məktəb istifadəyə verildi, 760 müəssisədə isə təmir işləri aparıldı.

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 21 ümumi təhsil müəssisəsi və 14 məktəbəqədər təhsil müəssisəsi tikildi. Bu müəssisələrdə hazırda minlərlə şagird və yüzlərlə müəllim fəaliyyət göstərir.

Müəllimlərlə bağlı yeniliklər və sertifikatlaşdırma

2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə 65 565 elektron müraciət qəbul edildi, 3 416 namizəd işlə təmin olundu. Əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox oldu.

Müəllimlərin sertifikatlaşdırılması prosesində 19 681 nəfər iştirak etdi, onlardan 16 587 nəfər uğur qazandı. Ümumilikdə 73 262 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla aldı. Sertifikatlaşmış müəllimlərin dərs yükü 17,5 saatdan 19,5 saata yüksəldi.

Yeni tətbiqlərdən biri müəllimlərin tam ştatlı iş rejimi oldu. Bu model könüllü və rəqabətə əsaslanır. Dərs yükü həftədə 18-24 saat təşkil edir, qalan vaxt metodik hazırlıq, fərdi iş və layihələrə sərf olunur. Həmçinin müəllimlərin iş yerinin dəyişdirilməsi və qarşılıqlı dəyişdirilməsi prosesi nəticəsində yüzlərlə müəllim yeni iş yerlərinə keçdi.

Məktəblərdə elektron jurnalların tətbiqi

2025-ci il ümumi təhsil sahəsində rəqəmsallaşma baxımından əlamətdar oldu. İlk növbədə paytaxt Bakı şəhərində, daha sonra isə mərhələli şəkildə ölkənin müxtəlif regionlarında ümumi təhsil müəssisələrində elektron jurnal sistemi tətbiq edilməyə başlandı.

Bu sistem şagirdlərin davamiyyəti, qiymətləndirilməsi və dərs prosesinin izlənməsini elektron mühitə daşıdı. Elektron jurnallar müəllimlər üçün kağız üzərində hesabat yükünü azaltdı, qiymətlərin operativ və şəffaf şəkildə daxil edilməsinə imkan yaratdı. Valideynlər isə övladlarının dərsə davamiyyəti, qiymətləri və müəllim qeydləri ilə real vaxt rejimində tanış olmaq imkanı əldə etdilər.

Yeni universitetlər və fakültələr

2025-ci ildə Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başladı, Xankəndidə klinika binası açıldı. Binada 10 dərs otağı, 9 auditoriya, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları və kitabxana mövcuddur.

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusları açıldı. Burada 8 bakalavriat və 2 magistr proqramı üzrə 538 bakalavr və 102 magistr tələbəsi təhsil alır. Üç ixtisas ikili diplom proqramıdır. Qarabağ Universitetində Biznes və iqtisadiyyat fakültəsinin yeni binası da istifadəyə verildi. Burada 505 tələbə 7 ixtisas üzrə təhsil alır.

Azərbaycan universitetlərinin qlobal reytinqlərdə mövqeyi

2025-ci ildə Azərbaycan universitetləri ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi”ndə 6 ali təhsil müəssisəsi ilə TOP 1000-likdə yer aldı, onlardan biri TOP 800-lükdə qərarlaşdı. “THE Dünya Universitetləri Reytinqi”ndə isə 4 universitet qeyd olundu. UNEC 801-1000-ci yerlər arasında Cənubi Qafqaz üzrə birinci oldu.

İlin ictimai gündəminə düşən hadisələr

2025-ci ildə adı ən çox müzakirə olunan şəxslərdən biri Kamran Əsədov oldu. Dövlət İmtahan Mərkəzində keçirilən imtahanlarda bir qrup abituriyentə gizli texniki vasitələrdən istifadə imkanı yaratmaqda ittiham olunaraq barəsində məhkəmə prosesi başlandı. Bu hadisə onun “təhsil eksperti” statusuna ictimai etimadın azalmasına səbəb oldu.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox