MIT alimləri yaş artdıqca zəifləyən immun sistemini yenidən gücləndirməyə kömək edən yeni üsul hazırlayıblar. Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.
AzEdu.az xəbər verir ki, araşdırma mRNA texnologiyasına əsaslanır.
Alimlər mRNA vasitəsilə qaraciyəri müvəqqəti olaraq immun sistemi dəstəkləyən siqnallar istehsal edən bir “mərkəzə” çeviriblər. Məqsəd yaşla funksiyasını itirən timusun (T hüceyrələrinin yetişdiyi orqan) rolunu qismən əvəz etməkdir.
Tədqiqatda üç əsas immun faktoru istifadə olunub: DLL1, FLT-3 və IL-7. Bu faktorlar T hüceyrələrinin inkişafını və fəaliyyətini gücləndirir.
Təcrübələr siçanlar üzərində aparılıb. 18 aylıq siçanlarda:
- T hüceyrələrinin sayı və fəaliyyəti artıb
- Peyvəndlərə immun cavab güclənib
- Xərçəng immunoterapiyası daha effektiv olub
- Sağ qalma müddəti uzanıb
Alimlər bildirir ki, müsbət nəticə yalnız hər üç faktor birlikdə tətbiq edildikdə əldə olunub.
Tədqiqatın müəllifləri hesab edirlər ki, bu yanaşma gələcəkdə insanlarda tətbiq olunarsa, yaşlı insanların infeksiyalara və xərçəngə qarşı müdafiəsini gücləndirə və sağlam ömür müddətini uzada bilər.
Zeynəb Tehranlı