Azedu.az

DİM sədrindən bayram təbriki

Xəbərlər

30 Dekabr 2025, 14:15
DİM sədrindən bayram təbriki

DİM sədri Məleykə Abbaszadə abituriyentlər və valideynləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

AzEdu.az xəbər verir ki, Məleykə Abbaszadə təbrikdə gəncləri və valideynləri bayram münasibətilə ürəkdən təbrik edib, onlara uğurlu il arzulayıb.

"Əziz abituriyentlər, hörmətli valideynlər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər bir ailəyə sağlamlıq, hər bir övlada inam dolu gələcək arzulayıram.

Bu gün xüsusi qürur hissi ilə deyə bilərik ki, qalib ölkənin gəncləri olaraq övladlarımız tarixi və misilsiz bir dövrün içində böyüyürlər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən qaynayır – məktəblər açılır, təhsil müəssisələri fəaliyyətə başlayır, gənclərimiz böyük ümid və həvəslə imtahanlara, gələcəyə hazırlaşırlar. Bu mənzərə təkcə bərpa olunan torpaqların deyil, həm də dirçələn arzuların, güclənən inamın göstəricisidir. Biz bu gənclərə baxaraq əminliklə deyirik: Azərbaycanın sabahı bilikli, vicdanlı və güclü əllərdədir!

Yeni il həmişə yeni ümidlər, yeni seçimlər və yeni başlanğıclar deməkdir. Gənclərimiz üçün bu seçimlərin ən vaciblərindən biri də gələcək peşə yoludur. İnanıram ki, hər bir gənc öz potensialına, maraqlarına və bacarıqlarına uyğun ixtisas seçdikdə, təkcə uğurlu karyera deyil, eyni zamanda sevdiyi bir həyat yolu da qurmuş olur. Bu prosesdə Dövlət İmtahan Mərkəzinin peşə seçimi testləri və özünü daha yaxşı tanımağa kömək edən alətləri düzgün qərar vermək üçün etibarlı dəstəkdir.

Müasir dünya daim dəyişir. Bu dəyişikliklərə uyğunlaşmağın ən doğru yolu isə dayanmadan araşdırmaq, yeni biliklər axtarmaq və analitik düşünmə qabiliyyətini inkişaf etdirməkdir. Öyrənməyə açıq olan insan zamanın tələblərinə cavab verməyi bacarır və hər şəraitdə öz yerini tapa bilir.

Bütün bunlarla yanaşı, hər zaman vurğulamaq istədiyim ən önəmli dəyər vicdandır. Vicdanlı olmaq - biliyi dürüst istifadə etmək, əldə edilən uğurları zəhməti hesabına qazanmaq və cəmiyyət qarşısında məsuliyyət daşımaq deməkdir. Məhz bu dəyər insanı həm yaxşı mütəxəssis, həm də ləyaqətli vətəndaş edir.

Növbəti il keçiriləcək buraxılış imtahanlarında, qəbul imtahanlarında, eləcə də gələcəkdə gənclərimizin qarşısında dayanacaq bütün imtahan və sınaqlarda hər birinizə uğurlar arzulayıram. Qoy bilikləriniz, zəhmətiniz və inamınız sizi daim irəli aparsın.

Yeni ilin hər biriniz üçün doğru seçimlər, aydın məqsədlər və inamlı addımlarla yadda qalmasını diləyirəm. Yolunuz açıq, niyyətiniz saf olsun!"

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox