Son zamanlar təklif edilir ki, Dövlət İmtahan Mərkəzi ali məktəbə qəbul imtahanlarında fənlərin sayını azaltmalı və sualların çətinliyini asanlaşdırmalıdır.
Bu halda sual yaranır ki, daha az fənn və daha sadə sual modeli tətbiq olunsa, qəbul prosesində hansı keyfiyyət dəyişiklikləri gözlənilir?
AzEdu.az-a mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlama verib.
Müsahibimiz qeyd edib ki, məktəbdən birbaşa universitetə qəbul imtahanına hazır olmaq mümkün deyil:
"Bu gün nə şagirdin, nə də müəllimin qəbul imtahanına düşəcək suallara cavab vermək üçün biliyi məktəbdə mənimsəməyə və mənimsətməyə yetir. Çünki biz hələ də on iki illik təhsil sisteminə keçməmişik, dərsliklərimiz də son sinifə qədər yeni mövzularla zəngindir. Ona görə 11-ci sinifdə oxuyan şagird həm məktəbin həmin günə olan dərsinə hazırlaşmalı, həm də 5-ci sinifdən başlanan hazırlıqlara. Həmçinin də müəllim, əgər öz dərsini qoyub keçsə aşağı siniflərə təkrara, bu dəfə də proqramdan geri qalacaq, tədris prosesini pozacaq.
Buna görə məktəbdən birbaşa universitetə qəbul imtahanına hazır olmaq mümkün deyil. Olsun ki, bir neçə şagird özü hazırlaşaraq qəbul olur, bu o demək deyil ki, o, hazırlaşmır. O da hazırlaşır, sadəcə bir az zəkalıdır və özü hazırlaşır. Yəni beş fəndən (bəzi qruplarda altı) beş sinifi götürsək, iyirmi beş kitab edir, bunun da iyirmi beş test toplusunu götür, toplam əlli kitab, əllini də vursaq, heç olmasa, üç yüz səhifəyə, edir on beş min səhifə, bu o deməkdir ki, şagird yüz iyirmi suala cavab vermək üçün on beş min səhifəlik materialı əzbərləməlidir. Digər tərəfdən də, hər dəfə fərqli, müasir, tapıntı sual tipləri… Çünki rəqabət var və kim az və ya zəif oxusa, aşağı qiymət alacaq".
Elm və Təhsil Nazirliyi ilə DİM birgə fəaliyyət göstərməlidir:
"Məhz buna görə şagirdlər belə sürətli, çevik oxuma və anlama, texniki yollarla daha tez öyrədən müəllimlərə ehtiyac duyur və repetitorluq batan şagirdin əlindən yapışıb qalır. Məktəbdə tədris ən yüksək səviyyədə də qurulsa, məktəb bu işin öhdəsindən gələ bilməz. Bunlar isə bizə sübut edir ki, ölkəmizdəki Universitetlərə qəbul sistemi çox çətin, stresli, ağır bir prosesdir və bu sadələşməlidir. Bunun üçünsə daha məqbul
Düşünürəm ki, bu problemin kökündən həll edilməsi üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir".
DİM Qəbul formatının çətinliyi ölkəmizdə repetitorluğun da inkişafına təsir edir. Repetitorluğun belə geniş vüsət almaması üçün atılmalı olan vacib addımlar var.
Qəbul sistemimizdə hansı dəyişiklikləri etmək lazımdır, nələrə xüsusi diqqət ayrımaq lazımdır?
"İlk olaraq görülməli olan ən birinci iş fənn kurikulumlarına və onlar əsasında hazırlanan dərsliklərə, dərs saatlarına baxılmalıdır. Əgər 10-11-ci siniflərdə sadəcə universitetə hazırlıq proqramı olarsa, dərsliklər 9-cu sinifdə əsas kursu bitirərsə, xeyli irəliləyiş olar. Çünki məhz o siniflərdə müəllimlər yeni dərsi yox, DİM qəbul proqramına uyğun aşağı siniflərdən təkrara başlayar, öhdəsinə düşən saatları hazırlığa sərf edərlər.
İkinci əsas məsələ isə 10-11-ci siniflər kursların proqramına oxşar qruplar üzrə müəyyənləşdirilsə, 9-cu sinifdən təmayül siniflərin işini düzgün qura bilsək, 10-11-ci sinifdə dərs keçən müəllimlər, məktəb direktorları düzgün dərs bölgüsü ilə apararsa, nəticəsi qəbulda yaxşı olan müəllimlərin maaşı ciddi şəkildə fərqlənərsə, məhz dövlətin ayırdığı büdcə ilə repetitorluq sistemini elə məktəbin öz imkanları hesabına həll etmiş olarıq. Çox da çətin proses deyil, bir müəllimin haqqı olan maaşı qismən də olsa, təmin edəriksə, məsələ həllini tapar.
Hamımız yaxşı bilirik, yaxşı repetitorlar məktəbdə işləməkdən boyun qaçırır, bir-iki sinfi də ona görə götürür ki, uşaq yığa bilsin. Hə, sözsüz ki, ixtisas quruplarına görə dərs saatlarına da baxılmalıdır ki, ən azından bir fənnə dörd-altı saat arasında saat düşsün. Onsuz da, bu gün məktəblərimizdə 9-dan başlayaraq heç bir məktəb attestata yazılan qeyri-ixtisas fənn qiymətlərini obyektiv yazmır, uşağın ixtisas qrupunda göstərdiyi performansa görə müəyyənləşdirir. Bir-iki istisna varsa da, bu nümunə aid edilə bilməz. Və 9-cu sinifdən peşə məktəblərinə göndərilmə bir növ məcburi olmalı, onsuz da, əksər hallarda uşaq sıxlığından əziyyət çəkən məktəblərin işini yüngülləşdirməliyik.
Digər bir məsələ isə buraxılış və qəbul imtahanlarının vaxtı ciddi şəkildə müzakirə olunmalı, ən tez iyun ayından başlanmalıdır. Bildiyimiz kimi, son illər mart ayına qədər gəlib çıxan bu imtahanlar şagirdlərin hazırlıq imkanlarını ciddi şəkildə əlindən alır. Az-az özü, məktəbin köməyi ilə hazırlaşan uşaqlar var idisə də, artıq yoxdur, əmin olun. Çünki beş-altı aya on beş min səhifəlik kitabları oxuyub əzbərləmək mümkün deyil, xüsusi tipli suallarla alışdırma etmək şagirdlik deyil, onu çeynəyib şagirdin ağzına qoyacaq müəllimlərə hökmən ehtiyac var. Elə buna görə də şagirdlər və valideynlər narahat olur. İmtahanların əvvəldə verilməsi şagirdlərin məhz müəyyən mövzuları oxumamasına gətirib çıxarır, xeyli mövzu qalır".
Kitablar dövlət sifarişi ilə, test topluları DİM tərəfindən satışa çıxarılsın:
"Bütün bunlarla yanaşı 10-11-ci siniflər üzrə hazırlanan dərsliklər DİM proqramına uyğun hazırlanmalıdır ki, şagird dövlətin verdiyi ödənişsiz kitabları qoyub DİM-in və ya digər müəlliflərin kitablarına üz tutmasın. Axı bizə nə lazımdır? Azərbaycanlı gəncin hazırlaşıb, yaxşı bal toplayıb universitetlərə girib savadlı kadr olmasını istəmirik? Əminəm ki, hər iki qurum bunu birmənalı istəyir, o zaman səmimi olub, eqomuzu kənara qoyub, bu prosesi birləşdirməliyik. İstər Elm və Təhsil Naziri, istərsə də DİM sədri həmişə ictimaiyyətə açıq olub, brifinqlər keçirib, suallara cəsarətlə cavab veriblər.
Nə olar ki, bir dəfə də hər ikisi bir yerdə, mütəxəsislərin iştirakı ilə bu mövzunun müzakirəsini təşkil etsinlər. Əminəm ki, daha yaxşı yollar tapılacaq. Kitabları dövlət sifarişi edək əvvəlki kimi, DİM də publik hüquqi şəxs olaraq test toplularını satışa çıxarsın, bundan sadə nə ola bilər ki?! Və qəbul proqramı və test modelləri hər iki qurumun birgə imzası ilə hər ilin avqust ayında dərs bölgüsü elan edilən zaman cəmiyyətə təqdim edilsin. Halbuki ən yaxşı halda DİM bunu yanvar ayında elan edir".
DİM sual tiplərində yenilik etməli və təhsilin vəziyyətini göstərməkdən uzaqlaşmalıdır:
"Son məsələ isə… DİM sual tiplərinə yeni yanaşma sərgiləsin, əzələ nümayiş etdirib kiməsə sübut etmək ki, təhsilin vəziyyəti ağırdır prinsipindən uzaqlaşsın. Bu nə ölkəmizə, nə də valideynlərimizə stresdən, əsəbdən başqa heç nə vermir. Bu sistem özəl təhsil (Universitet) sektorunu hər il baltalayır, bir neçə reytinqli universitetdən başqa qalanlarına yüz əlli-iki yüz (150-200) bal aralığında qəbul gedir. Onlar da özlərini əzilmiş, ən zəif uşaqlara sahib kimi hiss edirlər.
Şagirdlərimizin isə burada aldığı travma bir ömür onlarla gəzir. Gəncliyin ən gözəl anlarında həyatı yarış atı kimi keçirmək sonradan onları məhv edir. Artıq çoxdan sınaqdan çıxıb aşağı bal toplayan uşaqlara, sonradan daha uğurlu insanlara çevrilir. Maraqlı olardı ki, indiyə qədərki yeddi yüz (700) ballıq uşaqların harada və necə işləməsi ilə bağlı yaxşı bir tədqiqat aparılsın və nəticələr ictimaiyyətə açıqlansın. O uşaqlar ömürlərini çürüdürlər o nəticələri əldə etmək üçün. Əgər bu milləti sevir və gələcəyini qurmaq istəyiriksə, ona güvən verməli, özünü doğrultması üçün şərait yaratmalıyıq. Bunun isə yolları çox sadədir: istək, iradə və cəhd!
Bütün bu sadaladıqlarımın kökündən həlli on iki illik təhsilə keçid, vahid təhsil konsepti, təhsildən nə gözlədiyimizi, hədəflərimizi açıq şəkildə ifadə etmək, ali məktəblərimizin təhsil keyfiyyətini yüksəltmək və etibarlı təhsil sistemi qurmaqdan keçir".