Beynin fəaliyyətində mühüm rol oynayan ən incə kimyəvi siqnalların real vaxtda müşahidəsi artıq mümkün olacaq. Allen İnstitutu və digər tədqiqat mərkəzlərinin alimləri tərəfindən yaradılan yeni zülal sensoru - "iGluSnFR4" (qeyri-rəsmi adı ilə “qlu sniffer”) neyronların qəbul etdiyi qlutamat siqnallarını birbaşa izləməyə imkan verir.
AzEdu.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu yenilik neyroelm sahəsində əsl dönüş nöqtəsi hesab olunur.
Qlutamat beynin əsas xəbərçisidir
Qlutamat yaddaşın formalaşması, öyrənmə prosesi və emosiyaların tənzimlənməsində əsas rol oynayan kimyəvi xəbərçidir. Neyronlar eyni anda minlərlə siqnal qəbul edir və yalnız müəyyən kombinasiyalar hüceyrənin impuls yaratmasına səbəb olur. Yeni sensor alimlərə ilk dəfə olaraq bu siqnalların hansı ardıcıllıqla və hansı gücdə neyronun reaksiyasını işə saldığını birbaşa görməyə imkan verir.
Əvvəllər mümkün olmayan müşahidələr
İndiyədək bu proseslərin izlənməsi olduqca çətin idi. Siqnalların çox sürətli və zəif olması səbəbindən mövcud texnologiyalar yalnız neyronlararası əlaqənin ayrı-ayrı hissələrini müşahidə etməyə imkan verirdi. "iGluSnFR4" isə bu məhdudiyyəti aradan qaldıraraq neyronlar arasındakı ünsiyyətin bütün mərhələsini real vaxtda izləməyə şərait yaradır.
Allen İnstitutunun baş alimi Kaspar Podgorski bu yeniliyi belə izah edib:
“Bu, sözləri qarışıq olan bir kitabı oxumağa bənzəyirdi. İndi isə neyronlar arasındakı əlaqələri ardıcıllıqla görür, məlumatın mənasını daha dəqiq anlayırıq".
Xəstəliklərin araşdırılmasında yeni mərhələ
Alimlər hesab edirlər ki, bu texnologiya Alzheimer, şizofreniya, autizm və epilepsiya kimi xəstəliklərin yaranma mexanizmlərinin daha dərindən öyrənilməsinə və yeni dərmanların hazırlanmasına mühüm töhfə verə bilər. iGluSnFR4 artıq tədqiqatçılar üçün əlçatandır və beynin funksiyalarını araşdırmaq üçün güclü elmi alət kimi qiymətləndirilir.
Neyroelmdə yeni dövr başlayır
Yeni sensor sayəsində alimlər beynin ən gizli kimyəvi mesajlarını izləyə, neyronların qərarvermə prosesini və mürəkkəb məlumatları necə emal etdiyini birbaşa müşahidə edə bilirlər. Mütəxəssislər bu kəşfi neyroelmdə yeni dövrün başlanğıcı kimi dəyərləndirirlər.
Zeynəb Tehranlı