Azedu.az

Emin Əmrullayevin doğum günüdür

Xəbərlər

30 Dekabr 2025, 09:12
Emin Əmrullayevin doğum günüdür

30 dekabr elm və təhsil naziri Emin Əmrullayevin doğum günüdür.

AzEdu.az-ın məlumatına görə, Emin Eldar oğlu Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olmuşdur.

1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirmişdir.

2010–2012-ci illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

Emin Əmrullayev 2005-2009-cu illərdə Qafqaz Universitetinin Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışmış, 2009-2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçmişdir. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində, 2013-cü ildə isə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışmışdır.

2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamış, 2013-2014-cü illərdə sektor müdiri, 2014-2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində işləmişdir. 2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilmişdir. 28 iyul 2022-ci ildən  Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılmasından bu günədək Azərbaycan Respublikasının elm və təhsil naziri kimi əmək fəaliyyətini davam etdirir.

2020-ci il 27 iyulda Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin olunub. 

14 dekabr 2021-ci ildə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilmişdir. 30 noyabr 2022-ci ildən Neftçi PFK Müşahidə Şurasının üzvüdür.

Dekabrın 7-də Gürcüstanın Texniki Universitetinin rektoru David Qurqenidze sözügedən universitetlə Azərbaycanın ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin inkişafına verdiyi görkəmli töhfəyə görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevi Gürcüstanın Texniki Universitetinin fəxri doktoru adı ilə təltif edib.

AzEdu.az Təhsil Portalının kollektivi elm və təhsil naziri Emin Əmrullayevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox