Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə rəqəmsallaşma proseslərinin, informasiya-kommunikasiya texnologiyalarının və nəqliyyat sektorunun inkişafını təmin edən əsas dövlət qurumlarından biridir. Bu nazirlikdə qəbul edilən qərarların effektivliyi birbaşa rəhbər heyətin peşəkarlığından, strateji baxışından və sahə üzrə biliklərindən asılıdır.
Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı rəqəmsal transformasiya, innovasiya və nəqliyyat sahəsində həyata keçirilən islahatların mahiyyətini düzgün dəyərləndirməyə, eləcə də müasir çağırışlara adekvat qərarlar qəbul etməyə imkan verir.
AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.
Bu yazıda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinləri - Rəhman Hümmətov, Samir Məmmədov, Cavid Qurbanov, Elmin Məmmədov və Saməddin Əsədovun təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

Rəhman Dursun oğlu Hümmətov 1977-ci illdə doğulmuşdur.
1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2000-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsini bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.

Samir Qaçay oğlu Məmmədov 1974-cü ildə anadan olmuşdur.
1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almışdır.
2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır.
2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil almış və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi almışdır.

Cavid Qənbər oğlu Qurbanov 1958-ci ildə anadan olmuşdur.
1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.
1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini nəqliyyat tikintisi (dəmir yolu tikintisi və təsərrüfatı) ixtisası üzrə bitirmişdir.
2004-cü ildə Tula Dövlət Universitetini bitirərək Texniki elmlər namizədi alimlik dərəcəsini almışdır.

Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olmuşdur.
2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili almışdır.
2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili almışdır.

Saməddin Fəxrəddin oğlu Əsədov 1985-ci ildə anadan olmuşdur.
2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr təhsili almışdır.
2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə magistr təhsili almışdır.
2013-cü ildə ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş Strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirmişdir.
2020-ci ildə ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak etmişdir.