Beynəlxalq təşkilatların xəbərdarlığına görə, 2025-ci il dünyada milyonlarla uşaq üçün ağır humanitar şəraitlə yadda qalıb.
AzEdu.az xəbər verir ki, bu barədə UNICEF-in yaydığı son hesabatda qeyd olunub.
Bildirilib ki, 2025-ci ildə təxminən 8 milyon körpə silahlı münaqişə zonalarında və ya iqlim fəlakətlərindən zərər çəkmiş ərazilərdə dünyaya gəlib. Hesabatda vurğulanır ki, bu uşaqlar həyatlarının ilk günlərindən etibarən təhlükəsizlik, qida, təmiz içməli su və tibbi xidmət çatışmazlığı ilə üzləşirlər.
UNICEF bildirir ki, davam edən müharibələr və siyasi qeyri-sabitlik uşaqların həyatına birbaşa mənfi təsir göstərir. Münaqişə bölgələrində minlərlə məktəb və səhiyyə müəssisəsi dağıdılıb və ya fəaliyyətini dayandırıb. Nəticədə milyonlarla uşaq təhsildən kənarda qalır, psixoloji travmalar yaşayır və zorakılıq riski ilə üz-üzə qalır.
Hesabatda iqlim dəyişikliyinin də uşaqlar üçün ciddi təhlükə yaratdığı qeyd olunur. Daşqınlar, quraqlıqlar, istilik dalğaları və güclü tufanlar səbəbindən milyonlarla ailə yaşadığı əraziləri tərk etməyə məcbur olub. Yalnız son bir il ərzində yüz milyonlarla uşaq ekstremal hava şəraiti səbəbindən məktəbdən uzaq qalıb.
UNICEF-in məlumatına görə, iqlim böhranı xüsusilə yoxsul ölkələrdə uşaqların qidalanma vəziyyətini ağırlaşdırır. Aclıq və qidalanma çatışmazlığı riski artıb ki, bu da uşaqların fiziki və zehni inkişafına ciddi zərbə vurur.
Vəziyyətin ciddiliyini nəzərə alan UNICEF 2025-ci il üçün beynəlxalq humanitar yardım çağırışı edib. Təşkilatın hesablamalarına əsasən, dünyada 109 milyon uşağa həyati əhəmiyyətli yardım göstərmək üçün 9,9 milyard ABŞ dolları vəsaitə ehtiyac var. Bu vəsaitin səhiyyə, təhsil, qidalanma, təmiz su təminatı və psixososial dəstək proqramlarına yönəldilməsi planlaşdırılır.
UNICEF beynəlxalq ictimaiyyəti uşaqların hüquqlarının qorunması və onların təhlükəsiz gələcəyinin təmin olunması üçün daha fəal əməkdaşlığa çağırıb. Təşkilat vurğulayıb ki, vaxtında görüləcək tədbirlər milyonlarla uşağın həyatını xilas edə bilər.
Zeynbəb Tehranlı