Azedu.az

Yapon alimlərindən xərçəngə qarşı gözlənilməz kəşf

Xəbərlər

26 Dekabr 2025, 17:45
Yapon alimlərindən xərçəngə qarşı gözlənilməz kəşf

Alimlər xərçəng müalicəsində inqilabi nəticələr vəd edən yeni bir kəşf ediblər.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın İrəli Elm və Texnologiya İnstitutunun (JAIST) tədqiqatçıları Yapon ağac qurbağasının bağırsaqlarında aşkarlanan xüsusi bir bakteriyanın siçanlar üzərində aparılan təcrübələrdə xərçəng toxuma kütlələrini tamamilə yox etdiyini müəyyənləşdiriblər.

Araşdırmalar zamanı qurbağadan əldə edilən Ewingella americana adlı bakteriyanın cəmi bir dozasının belə ciddi yan təsir olmadan toxuma kütlələrini aradan qaldırdığı müşahidə olunub. Müalicədən 30 gün sonra siçanlara yenidən xərçəng hüceyrələri yeridilsə də, yeni toxuma kütlələrinin yaranmadığı qeydə alınıb. Bu fakt bakteriyanın orqanizmdə “immun yaddaş” formalaşdırdığını göstərir.

Tədqiqatçılar sürünən və amfibiyaların xərçəngə nadir hallarda tutulmasından ilhamlanaraq qurbağa, salamandra və kərtənkələlərdən götürülmüş 45 müxtəlif bakteriya ştammını araşdırıblar. Nəticədə doqquz ştammın toxuma kütlələrinə qarşı təsirli olduğu məlum olub. Ən yüksək effekt isə Yapon ağac qurbağasından əldə edilən E. americana bakteriyası ilə müşahidə edilib.

Araşdırma Gut Microbes adlı nüfuzlu elmi jurnalda dərc olunub. Analizlər bakteriyanın xərçəngə qarşı iki istiqamətdə təsir göstərdiyini ortaya qoyub. Belə ki, bakteriya bir tərəfdən birbaşa toxuma kütləsinə hücum edir, digər tərəfdən isə immun sistemini - T və B hüceyrələrini, eləcə də neyrofilləri aktivləşdirərək orqanizmin müdafiə mexanizmini gücləndirir. Xüsusilə oksigen səviyyəsi aşağı olan və kimyaterapiyaya davamlı mühitlərdə bakteriyanın daha təsirli olduğu bildirilib.

Mütəxəssislərin sözlərinə görə, E. americana inyeksiyaları doxorubicin kimi geniş istifadə olunan kimyaterapiya preparatlarından daha yaxşı nəticələr göstərib. Bundan əlavə, bakteriyanın qanda sürətlə təmizləndiyi və sağlam toxumalara zərər vermədiyi müəyyən olunub.

Bununla belə, alimlər insanlarda infeksiya riski ehtimalını nəzərə alaraq hələlik ehtiyatlı mövqe sərgiləyirlər. Klinik sınaqlara başlamazdan əvvəl geniş təhlükəsizlik testlərinin aparılmasının vacibliyi vurğulanır.

Tədqiqatın növbəti mərhələsində bakteriyanın müxtəlif xərçəng növlərinə təsirinin araşdırılması və mövcud müalicə üsulları ilə birgə tətbiqinin sınaqdan keçirilməsi planlaşdırılır. Alimlər bu kəşfin bioloji müxtəlifliyin qorunmasının tibbi araşdırmalar üçün nə qədər önəmli olduğunu bir daha nümayiş etdirdiyini qeyd edirlər.

Zeynəb Tehranlı

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox