Getdikcə uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları artmaqdadır. Bu da öz növbəsində ümumilikdə təlim və tərbiyə prosesinə ciddi təsir göstərir.
AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov bildirib. Deputat vurğulayıb ki, bu gün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri təhsil, tərbiyə və texnologiya arasında balansın qorunmasıdır. Məhz bu reallıqları nəzərə alaraq bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və normalar qəbul etməyə başlayıblar.
“Gözlənən odur ki, bu prosesə getdikcə daha çox ölkə qoşulacaq. Bu da bir reallıqdır ki, yalnız qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Hörmətli xanım Sədr, əgər uyğun görsəniz, qeyd olunan məsələlərin aktuallığını nəzərə alaraq, sözügedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə bu barədə bir dinləmənin təşkilini təklif edirəm”, - deyə o qeyd edib.