Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçiriləcək.
AzEdu.az xəbər verir ki, imtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1157 nəfər müraciət edib.
İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli məktəbdə kompüterlər vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər:
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 11:00-da başlayacaq.
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlayacaq.
Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.
İmtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq aşağıdakı sənədləri gətirməlidirlər:
-şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
-imtahana buraxılış vərəqəsi.
İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 13 zal admini, 76 nəzarətçi, 13 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.