Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 15:50:00
Mərkəzi Elmi Kitabxana orta məktəbə kitablar təqdim edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinin kitablarla təmin olunması və mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir.

Layihə çərçivəsində MEK-in nümayəndə heyətinin növbəti səfəri Qusar rayonunun Böyük Muruq kəndinə olub. MEK-in əməkdaşları – beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev ucqar dağ kəndinin orta məktəbi ilə tanış olublar.

MEK-dən AzEdu.az-a bildirilib ki, görüş zamanı Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev məktəbdə aparılan təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Görüşdə MEK-in “Açıq kitabxana” layihəsindən, Milli Rəqəmsal Yaddaş bazasından, “AXC-100” çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərdən danışılıb. Qeyd edilib ki, bir sıra qurumlar, o cümlədən Cocuq Mərcanlı kənd orta məktəbi, Şamaxı rayonunun məktəb kitabxanaları, Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyinin Ağdamdakı “N” saylı hərbi hissəsi və digər qurumlar “Açıq kitabxana” layihəsindən faydalanıblar.

Çıxışlardan sonra Azərbaycan və dünya ədəbiyyatına aid olan kitablar Böyük Muruq kənd orta məktəbinə təqdim edilib.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana bu günə qədər layihə çərçivəsində AMEA-nın elmi müəssisələri, Təhsil və Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Respublika Elmi Pedaqoji Kitabxanası, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edib.