ABŞ universitetlərində 2026-2027-ci tədris ilində beynəlxalq tələbələrin sayında ciddi azalma gözlənilir.
AzEdu.az xəbər verir ki, NAFSA və JB International tərəfindən hazırlanan proqnoza əsasən, ABŞ ali təhsil müəssisələrində xarici tələbələrin sayı 111 minədək azala bilər. Bu isə beynəlxalq tələbə sayında təxminən 9,5 faizlik azalma deməkdir.
Proqnozun əsas səbəbləri arasında tələbə müraciətlərinin azalması, viza görüşlərində yaranan gecikmələr, viza prosedurlarının sərtləşdirilməsi və ABŞ-ın immiqrasiya siyasətindəki dəyişikliklərlə bağlı qeyri-müəyyənlik göstərilir.
Araşdırmaya görə, sorğuda iştirak edən ABŞ ali təhsil müəssisələrinin 63 faizi 2026–2027-ci tədris ilində beynəlxalq tələbələrin sayının azalacağını gözləyir.
Beynəlxalq tələbələrin sayındakı azalma ABŞ iqtisadiyyatına da təsir göstərə bilər. NAFSA-nın hesablamalarına görə, bu azalma ölkə iqtisadiyyatında 3,4 milyard dollara qədər itkiyə və təxminən 40 min iş yerinin azalmasına səbəb ola bilər.
Xüsusilə magistratura və doktorantura səviyyəsində azalma daha ciddi görünür. ABŞ universitetlərində xarici tələbələrin doktorantura proqramlarına müraciətləri 21 faiz, qəbul göstəriciləri isə 17 faiz azalıb.
Bildirilib ki, bu tendensiya universitetlərin elmi-tədqiqat fəaliyyətinə və gələcək kadr təminatına da təsir göstərə bilər.
Fidan Şahkərəmova