Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 16:15:00
Kolleclərdən universitetlərə imtahansız qəbul DİM-ə tapşırılacaq – Bu tarixdə

“Kolleclərdən universitetlərə imtahansız qəbul prosesi  Dövlət İmtahan Mərkəzinə tapşırılacaq.Şəffaflıq isə yüzdə yüz olacaq”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, DİM müəyyən meyarlar üzərində çalışır. Konkret hansı əsaslarla qəbul aparılacağı isə hələ ki, bilinmir:

“Qərar 2019-cu il üçün təsdiqini tapacaq. Sonra kollec bitirənlərin ali məktəblərə yerləşdirilməsi aparılacaq. Amma hansı meyarların olacağı ilə bağlı tam məlumat yoxdur. İlkin olaraq bildiyimiz budur ki,  subbakalavr təhsili alan tələbənin qiymətləri yerində olmalıdır, yəni oxuduğu dönəm ərzində kəsri olmamalıdır. Bir də oxuduğu ixtisas məsələn, Mühasibat uçotu üzrə  oxuyubsa, bununla bağlantısı olan universitet varsa, şərtləri ödəyərsə, imtahansız qəbul olacaq. Dediyim kimi, problem əgər şəffaflıqdadırsa, bu artıq DİM-in götürdüyü məsələdir. Amma DİM-ə qədər olacaq hissə var ki, o mərhələdə kolleclərin bəzilərində  hansısa addımlar atıla bilər. Tələbələrin çoxu bunu düşünür. Hansı kollecdə vəziyyətin necə olduğunu, hansı addımların atılacağını bilmirəm. Qiyməti aşağı olanlar onu düzəltdirməyə cəhd edə  və bu  kimi amillər ola bilər. Təbii ki, bunu da tənzimləyən qaydalar olacaq”.

Ekspert şəffaflığın qorunması ilə bağlı təkliflər də irəli sürüb:

“Təklif edə bilərəm ki, tələbənin kollecə qəbul balı əsas götürülsün. İkinci tərəfdən tam şəffaflığın qorunması üçün tələbənin bütün semestr imtahanlarında, konkret əldə etdiyi nəticələr, yəni qiymət kitabçası tələb olunsun. Digər tərəfdən kollec rəhbərliyindən şəffaflığın qorunması ilə bağlı tələb olunsun ki, heç bir tələbəyə qiymətlərin düzəldilməsində etməsin. Burada rəhbərliyin üzərinə məsuliyyət düşür. Hər kəsin qiyməti nədirsə, onun üzərindən universitetə qəbul aparılsın”.