Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 10:37:00
Kimlər ödənişsiz təhsil ala bilər?-Siyahı

Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələr bəzi  hallarda təhsil haqqından azad olunur.

AzEdu.az xəbər verir ki, tələbələrin təhsil haqqından azad edilməsi ilə bağlı ölkə başçı müvafiq sərəncamlar imzalayıb.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları  təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Eyni zamanda  Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli  Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər  təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Qeyd edək ki, bu maddələr yalnız dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrə şamil olunur.