XƏBƏRLƏR

19.01.2020 15:02
İstanbuldakı tələbələrimiz 20 Yanvar şəhidləri yad ediblər

 

 İstanbulda şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzi (Hazarfem) və Türk Dünyası Araşdırmaları Vəqfi Gənclər Təşkilatı tərəfindən konfrans keçirilib.

Tədbirdə Azərbaycanın İstanbuldaki Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, tələbələr və media nümayəndələri iştirak ediblər. Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Aparıcılar Afaq Ağayeva və Berk Gündüz iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciə haqqında məlumatlandırıblar.

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi sədri Anar Can Kıtay, 20 Yanvar hadisəsinin gənclər üçün daşıdığı önəmini vurğulayaraq, bu şanlı günün Azərbaycanın tarixində çox mühüm yerə sahib olduğunu diqqətə çatdırıb. O, 20 Yanvar tarixində Azərbaycan xalqına qarşı törədilmiş və əsl məqsədi milli azadlıq istəyini boğmaq olan bu cinayətə qarşı xalqıniradəsini ortaya qoyduğunu və özünü bütün dünyaya mübariz və müstəqil xalq olaraq sübut etdiyini ifadə edib.

Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzi (Hazarfem) sədri Nuran Acar, 20 Yanvar faciəsininin qəhrəmanlıq dastanı olduğunu və Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün Türk dünyasının qəlbində daim yaşayacağını bildirib.

Türk Dünyası Araşdırmaları Vəqfi Gənclər Təşkilatı sədri Emre Akar çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı Türkiyə gənclərinin düşüncələrini dilə gətirib.

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun Konsulu Xəyyam Daşdəmirov tədbir təşkilatçılarına xüsusi təşəkkür edərək 20 Yanvar faciəsinin səbəb və məqsədlərindən bəhs edib.

Mərasimdə 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir İstanbul Universitetinin professoru Xəlil Bal, Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəli və Düzce Universitetinin müəllimi Gökmen Kılıçoğlunun məruzələri ilə davam edib. Alimlər 20 Yanvar faciəsini tarixi, ədəbi və siyasi aspektlərdən dəyərləndirərək iştirakçılara dolğun məlumatlar veriblər və iştirakçıların suallarını cavablandırıblar.

Sonda məruzəçilərə təşəkkür plaketləri təqdim edilib və iştirakçılara 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehsan verilib.