Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 15:32:00
BMU-da Ümummilli Liderin anım tədbiri keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxardıb, xalqın ictimai-siyasi, mədəni həyatının bütün sahələrində dirçəliş baş verib.

Rektor həmin dövrün, eyni zamanda Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olduğunu diqqətə çatdırıb. Bu dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilib, ölkəmizin gələcəyi üçün güclü kadr potensialı formalaşdırılıb. Həmçinin, bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib.

H.Məmmədov Azərbaycan xalqının israrlı tələblərindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdiyini vurğulayıb. Rektor bildirib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, ölkəmizi bütün sahələrdə gələcəyə aparan yolları müəyyən edib. Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət qurulub. H.Məmmədov vurğulayıb ki, Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi xəttini davam etdirməklə Azərbaycanı daha da qüdrətli ölkəyə çevirməyə nail olub.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyət tarixində böyük rol oynamış şəxsiyyət olduğunu diqqətə çatdırıb. Millət vəkili Ümummilli Liderin fəaliyyətinin xalqımızın milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, eyni zamanda dünya birliyində nüfuz qazanmış Azərbaycan dövlətinin yaranmasına gətirib çıxardığını bildirib. Heydər Əliyev ötən əsrdə sovet Azərbaycanına rəhbərlik edərkən geridə qalmış ölkəmizi aqrar ölkədən, aqrar-sənaye ölkəsinə çevirib. 1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisə tikilib, 5 yeni universitet, hərbi məktəb açılıb.

Millət vəkili Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldığını deyib. Bildirib ki, onun hakimiyyəti illərində Azərbaycan sabitliyin və davamlı inkişafın bərqərar olduğu güclü dövlətə çevrilib. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilməsini müstəqil dövlətçiliyimizin möhkəm zəmanəti kimi qiymətləndirən A.Mirzəzadə bu gün həyata keçirilən islahatlara, əldə olunan nəticələrə toxunub.

Daha sonra tədbir digər çıxışlarla davam edib.