XƏBƏRLƏR

08.12.2019 16:48
Tarix elmini layiqincə təmsil edən alim

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında institutun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri, professor Tofiq Mustafazadənin 70 illiyi qeyd olunub.

AzEdu.az xəbər verir ki,İnstitutun  direktoru, akademik Yaqub Mahmudov deyib ki, görkəmli alim 220-dən çox elmi əsərin müəllifidir; Uzun illər Bakı, Moskva, Sankt-Peterburq, Həştərxan, İstanbul arxiv və kitabxanalarında elmi araşdırmalar aparıb.

Akademikin sözlərinə görə,  görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətləri Azərbaycanın çar Rusiyası və Osmanlı imperiyası ilə münasibətləri, o cümlədən Azərbaycan xanlıqlarının tədqiqidir: “Tofiq Mustafazadənin tədqiqatları ancaq tariximizin araşdırılması ilə məhdudlaşmır. Onun araşdırmaları çoxşaxəlidir. Bir tərəfdən ümumi tarixlə bağlı kitablar nəşr etdirib, digər tərəfdən isə Azərbaycan tarixinə dair arxiv sənədlərinin dilimizə tərcüməsi ilə bağlı işlər aparıb. Yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsi sahəsində də mühüm xidmətləri var. Onun rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktorları yetişib”.

 Çıxış edən digər tarixçi alimlər  bildiriblər ki,  T.Mustafazadə Türkiyə, Rusiya, Özbəkistan, İran, Macarıstan, Estoniya, Polşa və başqa ölkələrdə keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan tarix elmini layiqincə təmsil edib. Onun “XVIII yüzillik - XIX yüzilliyin əvvəllərində Osmanlı - Azərbaycan münasibətləri”, “Azərbaycan - Rusiya münasibətləri (XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində)”, “Qarabağ xanlığı”, “Erməni məsələsi”ndən erməni terrorizminə”, “Tarixdə “erməni məsələsi” və başqa kitabları nəşr olunub. İngilis dilində nəşr olunan “Tarixdə “erməni məsələsi” kitabında “erməni məsələsi”nin meydana gəlməsi, bu uydurma məsələnin beynəlxalq diplomatiyanın gündəminə gətirilməsi, ermənilərin silahlandırılaraq qiyamlara və terror əməlləri törətməyə təşviq edilməsi prosesi danılmaz faktlar əsasında təsvir olunur.

 Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Tofiq Mustafazadə Azərbaycan Respublikasının Dövlət Mükafatına (2012) və “Əməkdar elm xadimi” fəxri adına (2015) layiq görülüb.

 Sonda Tofiq Mustafazadə çıxış edərək, tədbirin təşkilinə görə Tarix İnstitutunun Elmi Şurasına minnətdarlığını bildirib.

 (Azərbaycan müəllimi)