XƏBƏRLƏR

10.10.2019 17:47
“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi   

Oktyabrın 10-da 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq dördüncü dəfə həyata keçirilən və Nəsimi ilinə həsr olunan yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib. Nazir müavini bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.

Mərasimdə bildirilib ki,  iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 47  kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib.

Nəsimi ilinə həsr olunan yay məktəbi müddətində şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak ediblər.

Çıxışlardan sonra mükafatlar təqdim olunub. 

Qeyd edək ki, "Təhsil avtobusu" yay məktəbi  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 30 gün ərzində 8500 km yol qət edilib, 22 ali və orta ixtisas təhsili müəssisəsi, 32 şəhər, 75 kənd-qəsəbə məktəblərindən olan 700-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə keçirilib. 

İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal və Fam Tram layihənin media və informasiya  tərəfdaşıdır. 

İlin gənc müəllimi-Müraciət formu