XƏBƏRLƏR

09.10.2019 09:57
Universitetlərimizə “İraq göz”dən sərt baxış - Buranı bitirənlər iş tapa bilmir, digərində isə…- RUBRİKA  

AzEdu.az  “İraq göz”  rubrikası çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...

Qeyd edək ki, müsahiblərə    bir  çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar  yalnız  məlumatlı olduqları  universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin  adının  çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Çinin Elm və Texnologiya Universitetinin tələbəsi Cəmil Ağasıyev:

Bakı Dövlət Universiteti- İlk olaraq, bu universitetdən bəhs etmək istəyirəm. Çünki bakalavr təhsilimi Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil almışam. SABAH qrupları haqqında deyil, əsas olaraq BDU haqqında danışacağam. Düşünürəm ki, BDU əvvəlki nüfuzundan istifadə edərək tanınır. Amma BDU-da əvvəlki tək təhsil gücü yoxdur. Həmişə nümunə gətirdikdə müəyyən məşhur alim, yazarların  BDU-da təhsil aldığını söyləyirlər. Amma diqqət etsəniz, əksəriyyəti SSRİ zamanındakı sistemlə təhsil alıblar. Doğrudur. hazırda BDU-da müstəqil Azərbaycan dövründə təhsil almış və yetərincə sözünü demiş insanlar var. Amma düşünürəm ki,  kapitalizmin tələbi universitetdə tələbə sayının artmasına gətirib çıxarıb və bu da təhsilin keyfiyyətini aşağı salan amildir.  Amma BDU-da humanitar və texniki fənlər üzrə təhsil alan tələbələr məzun olduqdan sonra daha asan və nüfuzlu iş tapma imkanına sahib olurlar. Azərbaycanda fəaliyyət göstərən bəzi universitetlər BDU-nu texniki sahə üzrə üstələyir.

Azərbaycan Texniki Universiteti - Bu universitet haqqında heç də müsbət fikrə sahib deyiləm. Buna səbəbi isə Azərbaycan Texniki Universitetini bitirən tələbələrin  iş tapa bilməməsidir. Həmçinin bu universitetin tələbələri təhsil aldıqları dövrdə keçirilən dərsləri sadəcə zaman itkisi kimi dəyərləndirirlər.   

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Bu ali təhsil müəssisəsi düşünürəm ki, digər universitetlərə nisbətən daha pozitivdir. Ona görə ki, məzun olduqdan sonra əksər məzunların nüfuzlu şirkətlərdə işləmə şansı əldə edirlər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti BANM və BMU qədər olmasa da aktivliyi gözə çarpacaq qədərdir. Texniki sahə ilə bağlı təcrübə proqramlarında iştirak edən  tələbələrin çoxu ADNSU-da təhsil alanlar olur. Hətta bəzi BANM tələbələri  magistr təhsilini məhz ADNSU-da alırlar.   

UNEC- Bu ali təhsil müəssisəsi müsbət fikirdə olduğum universitetlər sırasındadır. Düşünürəm ki, UNEC konkret olaraq bir sahə üzrə fokuslansa da işini layiqincə olmasa da yerinə yetirə bilir. Çünki həm tələbələrin aktivliyi, həm universitetin beynəlxalq və yerli tədbirlərə ev sahibliyi etməsi, məzunların nüfuzlu şirkətlərdə çalışması mənə bunu düşünməyə imkan verir.

 BANM və ADA - Bu iki universitetə eyni anda münasibət bildirməyimin səbəbi hər ikisinin konkret olaraq fərqli olsa da bir sahəyə yönəlməsi və işini layiqincə yerinə yetirməsidir. Əslində, bu universitetlərin təhsil sisteminə baxdıqda belə qənaətə gəlirəm ki, gərəkli olduğunda, ona peşəkar mütəxəssisləri yetişdirmək üçün "yararlı" sistem yarada bilməsidir. Amma BANM tələbələrinin aktivliyi azdır. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti - Bu universitet haqqında belə bir ifadə işlədə bilərəm "əlimizdə olanın ən yaxşısı"…  Öyrətməyə həvəsli və metodla işləmə bacarığı olan təhsil işçiləri zamanında məhz ADPU-da təhsil alıblar. Amma burada təhsil alan tələbələr aktivlik baxımından çox zəifdirlər. 

 Bakı Mühəndislik Universiteti – Bu universitet əvvəllər məndə təhsil sistemi və tələbələrinin aktivliyi, məzunların nüfuzlu şirkətlərdə işləməsi ilə "ən yaxşı" universitet olması düşüncəsini yaradırdı. Təəssüf ki, hazırda BMU əvvəlki gücünə sahib deyil. Doğrudur, BMU-nun aktiv formada beynəlxalq və yerli layihələrdə iştirakı, təhsil sisteminə müasir yanaşmaları universitetin nüfuzunu  yüksəldir. Həmçinin, BMU texniki sahələr üzrə digər universitetlərlə müqayisədə daha yaradıcıdır. Elə buna görə də BMU hələ də yaxşı universitetlər sırasına daxildir.

Azərbaycan Dillər Universiteti-Bu ali təhsil müəssisəsində  təhsil alanların aktivliyini görməmişəm. Hətta əksər tələbələrin Azərbaycan Dillər Universitetində təhsil almasına baxmayaraq ixtisası üzrə olan dili öyrənmək üçün müxtəlif kurslara gedirlər. Yəni universitet 4 il ərzində tələbənin ixtisası üzrə olan xarici dili yüksək səviyyədə öyrənməsini təmin edə bilmir. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti- Bu universitetdən məzun olan və təhsil alan tələbələrin də aktiv olduğunu görməmişəm. Azərbaycanda fəaliyyət göstərən digər universitetlər haqqında çox da məlumatlı deyiləm. Ona görə də digər universitetlər haqqında fikir bildirə bilməyəcəm. Amma onu da bildirim ki, sadaladığım universitetlər ölkəmizdə olan ən yaxşı ali təhsil ocaqlarıdır. Hətta bəzi ixtisaslar üzrə Azərbaycan universitetlərində təhsil almaq daha yaxşıdır. Məsələn, neft-qaz mühəndisliyi  ixtisası üzrə Avropa universitetlərində oxumaqdansa Azərbaycan universitetlərində təhsil almaq daha yaxşıdır.  Çünki bu sahədə bir çox inkişaf etmiş ölkələrə nisbətən daha çox təcrübəliyik.  

Estoniyanın Tallin Texnologiya Universitetinin tələbəsi  İbrahim Məmmədzadə:

 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-Bu universitetdə təhsil alan kifayət qədər tanışlarım var.  Eşitdiyimə görə ADNSU yeniliyə və müasirləşməyə can atan universitetlərdəndir. Səhv etmirəmsə, yüksək göstəricilərlə tədris ilini sonlandıran tələbələrə 1000 AZN verilir. Onu da bildirim ki, ADNSU-da təhsil alan tələbələri kreativ olmağa həvəsləndirirlər. Bu da təqdirəlayiq addımdır.

Bakı Dövlət Universiteti-Bu universitetin hüquq fakültəsini nəzərə alaraq deyə bilərəm ki, orada həddən artıq savadlı, bilikli, öyrətməyi sevən müəllimlər var. Azərbaycanda bir nömrəli hüquq məktəbi  Bakı Dövlət Universitetindədir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Dərslərimlə bağlı çətinliyim yarandıqda  BDU-da mənə dərs deyən müəllimlərimə yazıb məsləhətlər alıram. BDU-da təhsil aldığım dönəmdə dekanlığımızın qapısı həmişə tələbələrə açıq olurdu. Həmçinin dekanlığa sərbəst girib, istənilən problemimizi deyə bilirdik. Şəxsən Bakı Dövlət Universitetinin, xüsusilə də Hüquq fakültəsinin mənə verdiyi təhsildən razıyam. BDU-nun mənə verdiyi   təhsilə görə, Estoniya universitetinə qəbul ola bilmişəm. Tallin Texnologiya Universitetinə qəbul olmaq üçün müsahibə verəndə hüquqi biliklərimi yoxlayırdılar. Müsahibə zamanı cavablarım  çox bəyənilmişdi. Hətta 10 dəqiqə davam etməli olan müsahibə  25 dəqiqə oldu. Universitetə qəbul prosesində 2 təqaüd verdilər.  Onu da bildirim ki, Bakı Dövlət Universiteti və Tallin Texnologiya Universiteti arasında tədris metodları da çox fərqlənir. Məsələn, Tallin Texnologiya Universitetində bakalavr  təhsili alan tələbələrə elmi araşdırma metodologiyası keçirlər.  Yəni tələbəyə hazır materialı əzbərlətdirmək əvəzinə, ona araşdırıb mötəbər mənbələri təyin edib, məlumat toplamağı və elmi yazını öyrədirlər.  Ona görə də  magistr səviyyəsi üzrə təhsil alan tələbələrin  dissertasiya işi üzərində işləmələri daha rahatdır. Onu da bildirim ki, Tallin Texnologiya Universitetinin çox nəhəng kitabxanası var. Həmçinin, universitetin ərazisində pulsuz sürətli “Wifi” da var. Universitetin “Wifi”-ı ilə bütün nəhəng ödənişli elmi jurnal və platformalara giriş pulsuzdur.  Tallin Texbologiya Universitetində keçirilən  dərsləri  tələbələr özləri seçir.  Həmçinin dərs cədvəlini də tələbələr  özləri təyin edib, sistemə yükləyirlər. 

Polşanın WSB Akademiyasının tələbəsi Leyla Məhərrəmova:

Bakı Dövlət Universiteti- Hazırda dünyada belə bir fikir var ki, hansı universitetdə təhsil almağından asılı olmayaraq tələbənin biliyi onun özünü inkişaf etdirmək bacarığından asılıdır. Yəni özəl və ya dövlət ali məktəbində təhsil almaq bu məsələdə əsas rol oynamır. Lakin ümumi nəzər salsaq, BDU-da təhsilin keyfiyyətinin yüksək olduğunu düşünürəm. Bunu adi imtahan sessiyası ərzində müşahidə etmək mümkündür. Biz tələbə olduğumuz müddətdə digər universitetlərin tələbələrinin  imtahanla bağlı çox məsuliyyət hiss etmədiyini görürdük. Lakin BDU-nun tələbələri imtahana çox vaxt ayırıb hazırlaşırdı. Həmçinin seminarlara da tapşırıqlar verilirdi və onlara ciddi hazırlaşmaq lazım idi.

 Bundan əlavə, BDU-da hər yay imtahanlardan sonra istehsalat təcrübəsinə göndərilmək kimi ənənə də var. Bu da tək nəzəri biliklərin yox, təcrübənin də əldə edilməsi deməkdir. Hesab edirəm ki, Azərbaycan universitetləri içərisində BDU ən qabaqcıl universitetdir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti-Bu universitetdə təhsil alan tələbələrin əksəriyyəti imtahan barəsində çox da narahat deyillər. Hətta tələbələrin  sualların test üsulu ilə olmasını düşünüb, imtahandan asanlıqla uğurla keçəcəklərinə ümid edirlər. Əlbəttə bunu hər tələbəyə aid etmək olmaz.  

Bakı Slavyan Universiteti-Bu universitetdə  bir dönəm ədəbiyyatla bağlı aksiya var idi. Yəni hər tələbə bir neçə kitab oxumalı idi. Əslində bu addımı alqışlayırdım. Orada təhsil alan dostlarım oxuduqları kitablarla bağlı fikirlərini bizlə bölüşürdü.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu