Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 14:58:00
“Xərçəng”lə mübarizə aparan şagirdin təhsil qalibiyyəti: “Kimyaterapiyadan çıxan kimi kitablara sarılırdım”

“Kimyaterapiyadan çıxar-çıxmaz kitablara sarılırdım”

Bu sözləri AzEdu.az-a açıqlamasında Laçın rayonu, Taxtakörpü kənd tam orta məktəbin XI sinif şagirdi Şamama Bəxtiyarlı deyib. O, xərçəng xəstəliyindən əziyyət çəksə də çoxlarının bacarmadığını edərək qəbul imtahanında lazımı balı toplayıb.

“X sinfə qədər demək olar, heç bir xəstəliyim yox idi.  X sinifdə  ayağımda ağrılar başladı. Həkim “Xərçəng” diaqnozu qoydu. Uzun müddət kimyaterapiya qəbul etdim. Əməliyyatdan sonra həkim bir müddət ayağa ağırlıq salmağı qadağan etdiyinə görə, hələ də əl əsaları ilə gəzirəm. Bütün çətinliklərə baxmayaraq,  ali təhsil almaq arzusunda idim. Amma belə bir vəziyyətdə oxumaq elə də asan deyildi. Mənəvi əzablar bir yana, kəndin palçıqlı yollarında əl əsaları ilə çox əziyyət çəkirdim. Xəstəxanada da dərs oxuyurdum. Kimyaterapiyadan çıxar-çıxmaz kitablara sarılırdım. Əziyyətlərimin nəticəsini gördüm”.

Məncə, uğurun sirri inamdadır

Uğurun sirrini inamda görən Şamama, açıqlamasında gələcək planlarından da danışıb:

“Universitet üçün lazımı balı toplayacağıma inanırdım.  Xəstəliyimi eşidəndə də əsas universitetə qəbul oluna bilməməkdən qorxdum. Buna baxmayaraq, həmişə dərsə hazırlıqlı olurdum. Bəzən imtahandan kəsilməyi düşünüb ruhdan da düşsəm də, ali təhsil üçün daim mübarizə apardım və qalib gəldim. Məndəki inamı, həvəsi görən hamı - başda valideynlərim olmaqla, müəllimlərim, dostlarım, məktəbin direktoru dəstək oldular. Ağcəbədidəki “Yeni abituriyent” kursu mənə ödənişsiz təhsil imkanı yaratdı.

İmtahanda III ixtisas qrupu üzrə iştirak edərək 384 bal topladım. İxtisas seçimində bir neçə universitet yazsam da, əsas xəyalım Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi fakültəsində təhsil almaqdır. Gələcəkdə təhsilimi davam etdirərək ali məktəbdə müəllim işləmək istəyirəm”.

Rəna Nəbi