XƏBƏRLƏR

23.04.2018 10:24
Dövlət qulluğu imtahanlarında uğur əldə edənlər üçün qeydiyyat başladı

İnzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə edən şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün aprelin 22-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün aprelin 23-dən mayın 4-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilən surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilən məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilən qaydada təsdiq olunan surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə)  təqdim etməlidir.

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilən vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İlin gənc müəllimi-Müraciət formu