XƏBƏRLƏR

10.03.2019 14:30
II Dünya  müharibəsi dövründə Nobel alan kimyaçılar - Vacib kəşflər

AzEdu.az AMEA-nın Neft və Kimya Prosesləri İnstitutunun rəsmi saytına istinadən, II Dünya  müharibəsi dövründə Nobel mükafatına layiq görülən kimyaçıları təqdim edir:

1.Dyerd (Georq) Heveşi -1943

 Macar fiziki kimyaçısı və radiokimyaçı Dyerd (Georq) Heveşi 1885-ci ilin martın 1-də Budapeştdə anadan olmuşdur. 1908-ci ildə Budapeşt universitetini bitirmişdir. Sonra mühəndis-kimyaçı olmaq qərarına gələn Xeveşi Berlin texnoloji univer-sitetində təhsilini davam etdirir və bundan sonra Almaniyanın cənubunda yerləşən Freyburq universitetində oxuyur və burada fiziki kimya onun əsas fənni olur.

1908-ci ildə ərimiş natrium hidroksid ilə metallik natriumun qarşılıqlı təsirinə həsr olunmuş dissertasiya işini müdafiə edərək doktorluq dərəcəsi alır.

1911-1913-cü illərdə Sürix universitetində, Karlsruedə Ali texniki məktəbdə F. Qaberin laboratoriyasında, Mançester universitetində E. Rezerfordun yanında işləmişdir. 1913-cü ildə Vyanada Radium institutunda F.A. Panetin yanında çalışmışdır. Birinci Dünya Müharibəsi zamanı avstriya-macarıstan ordusunda xidmət etmişdir. 1913-1920-ci illərdə Budapeşt universitetində çalışmışdır (1918-ci ildən professor vəzifəsində). 1920-1926 və 1934-1943-cü illərdə Kopenhagen, 1926-1934-cü illərdə Freyburq və 1943-cü ildən Stokholm universitetlərinin professoru olmuşdur. Əsas elmi işləri radiokimya sahəsindədir. Birincilərdən biri kimi  belə nəticəyə gəlmişdir ki, eyni elementlərin izotopları kimyəvi olaraq eynidir. Panet ilə birlikdə 1913-cü ildə izotop indikatorları üsulunu təklif etmişdir. Radioaktiv yerdəyişmələr qanununun ifadəsinin hazırlanmasında aktiv iştirak etmişdir. Hollandiya spektroskopitsi D. Koster ilə birlikdə hafniumu kəşf etmiş və sübut etmişdir ki, o, sirkoniumun  kimyəvi analoqudur. 1923-cü ildə birinci olaraq bitkilərdə qurğuşunun paylanmasını öyrənmək üçün biologiyada radioaktiv indikator (radium D) istifadə etmişdir. 1927-ci ildə nadir torpaq elementlərini 2 sıraya (Ce-dan Eu-a qədər və Gd-dan Lu-a qədər) ayıraraq və ittriumun xüsusi mövqeyini izah edərək bu elementlərin sistematikasını təklif etmişdir.

1931-ci ildə kimyəvi elementlərin rentgen şüalanması zamanı ikinci şüaları buraxması hadisəsini müəyyən etmişdir ki, bu da analizin fluoresent üsulunun əsasını təşkil etmişdir.

1932-ci ildə izotop durulaşdırma üsulunu işləyib hazırlamış və 1934-cü ildə radioaktiv izotopları biokimyəvi prosesləri öyrənmək üçün tətbiq etmişdir. 1936-cı ildə macar kimyaçısı Q. Levi ilə birlikdə neytron aktivləşdirici analiz üsulunu işləyib hazırlamışdır. 1941-ci ildə canlı orqanizmlərdə su balansını müəyyən etmək üçün ağır su istifadəsi imkanını kəşf etmişdir.

1943-cü ildə kimya üzrə Nobel mükafatı verilməmişdir. Amma, növbəti ildə 1943-cü il üçün Nobel mükafatı “kimyəvi proseslərin öyrənilməsi zamanı izotopların nişanlanmış atomlar kimi istifadəsi üzrə işlərə görə” Heveşiyə verilmişdir.

Heveşi 1966-cı ilin iyulun 5-də Freyburqda ürək tutmasından vəfat etmişdir. 

 2.Otto Qan – 1944

 Qan 1879-cu ilin martın 8-də Frankfurtda anadan olmuşdur (şüşəçi və işadamı Henrix Qanın ailəsində). O, Frankfurtda məktəbi bitirdikdən sonra 1897-ci ildə Marburq universitetində kimya və mineralogiyanı öyrənməyə başlayır. İkinci dərəcəli fənlər kimi o, fizika və fəlsəfəni də öyrənir.

Üçüncü və dördüncü semestri  Qan Münxen universitetində Adolf fon Bayerin yanında keçirir. 1901-ci  ildə o, professor T. Sinkin yanında üzvi kimya üzrə “broma malik izoevqenol derivatları haqqında” adlı dissertasiya müdafiə edərək universiteti qurtarır. 1902-ci ildə Qan professor Sinkin yanında mühazirə assistenti kimi elmi-pedaqoji fəaliyyətə başlayır. Radiokimya sahəsində işlərə o, bu və ya digər dərəcədə təsadüfən başlayır. Kimya firmalarından birinin direktoru professor Sinkə müraciət edir ki, ona bir gənc kimyaçı təklif etsin ki, lazım gəldikdə firma onu xaricə göndərə bilsin. Uyğun olaraq axtarılan namizəd ən azı xarici dillərdən birini bilməli idi, təkmilləşmə üçün təxminən yarım il hansısa xarici laboratoriyada işləməli idi. Professor Sink Qanı təklif edir və kömək edir ki,  Londonun Universitet kollecində Uilyam Ramzay öz laboratoriyasına qəbul etsin.

Uilyam Ramzay Qana radioaktiv elementlər kimyası sahəsində işləməyi təklif edir və Qan razılaşır.

Bununla belə o, etiraf edir ki, radioaktiv elementlər haqqında heç nə bilmir. İlk tapşırıq barium xlorid nümunəsindən radiumun ayrılmasıdır. Ramzayın fikrincə nümunədə 10 mq radium olmalı idi. Amma, Ramzayın Qana verdiyi barium duru uran mineralından yox, uran və  toriuma malik mineraldan alınmışdı.

Bu duzu fraksiyalaşdırarkən Qan müəyyən edir ki, onun tərkibində radiumdan əlavə olaraq yeni radioaktiv maddə də var (sonralar toriumun izotopu 228Th olduğu müəyyən edilmişdir). Qan, bu maddəni radiotorium adlandırmışdı, çünki, o vaxtlar izotop anlayışı mövcud deyildi.

Bu ilk uğurdan sonra Qan radiokimya ilə maraqlanır və bu yeni, maraqlı sahədə əsaslı biliklər və vərdişlər qazanmaq üçün 1905-ci ilin payızında Kanadanın Monreal şəhərinə gedir. Burada o dövrdə  artıq məşhur olan Ernest Rezerford işləyirdi.

1906-ci ilin yayında Qan Almaniyaya qayıdır və Berlin universitetində Emil Fişerin əməkdaşı olur və burada ona olduqca primitiv avadanlıqları olan laboratoriya verilir. Burada Qan torium və radiotorium arasında parçalanmanın aralıq məhsulunu kəşf edir və onu mezotorium adlandırır (sonradan aydın olur ki, bu məhsul iki maddənin qarışığıdır – mezotorium I (228 Ra) və mezotorium    II (228Ac)). Həmçinin orada o, toriumun  izotopu 230Tb kəşf edir və onu ionium adlandırır. Mezotoriumun (228 Ra) kəşfi praktiki əhəmiyyətə malik idi, belə ki, onun yarımparçalanma dövrü 512 ildir və bu səbəbdən də toriumdan ayrılmış preparat ən azı 10 il müddətində kifayət qədər aktivliyini saxlayır. Bu səbəbdən də eyni aktivliyə malik olan mezotorium əvvəllər tibbdə istifadə olunan radiumdan (226 Ra) iki dəfə ucuz olduğundan uğurla tibb müəssisələrində  istifadə olunurdu. Mezotorium I-in kəşfinə görə Adolf fon Bayer 1922-ci ilk dəfə Otto Qanın kimya üzrə Nobel mükafatına namizədliyini irəli sürmüşdü.

1907-ci ildə Qan Berlində doktorluq dissertasiyası müdafiə  edir və professor işləmək hüququ əldə edir.

Qan 1928-ci ildən 1946-cı ilə  qədər kayzer Vilhelm adına kimya institunun direktoru olmuşdur.

1924-cü ildə Qan Eynşteyn, Haber, Plank, Şlenk və fon Lauenin təklifi ilə Prussiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

XX əsrin 20-ci illərində Otto Qan radiozotopların kimyada istifadə üsulunu (o cümlədən kristalların  yetişdirilməsində və nişanlanmış atomların kimyəvi reaksiyalarda istifadəsində) işləyib hazırladı və bununla da kimyanın yeni sahəsini -  tətbiqi radiokimyanı yaratdı. Tətbiqi radiokimya ümumi və fiziki kimyanın problemlərini həll etmək üçün  radioelementlərdən istifadə edir. 1936-cı ildə onun ingilis dilində “Applied Radiochemistry” (tətbiqi radiokimya) kitabı nəşr olunur (sonra rus dilində də çap olunur).

1938-ci ilin dekabrın 17-də onlar həlledici təcrübəni apardılar – radium, barium və mezatoriumu fraksiyalaşdırdılar. Bunun əsasında Qan müəyyən etdi ki, uran nüvəsi “partlayır” və daha yüngül elementlər əmələ gəlir. Nüvənin parçalanması belə kəşf olunmuşdur. Qan və Ştrassmanın təcrübələrinin 1939-cu ilin yanvarın 6-da çap olunmuş nəticələri uranın daha yüngül elementlərə parçalanmasının inkaredilməz təsdiqi oldu. Bu kəşfi edən Qan təcili olaraq Meytnerə məlumat verir. Meytner 1939-cu ilin fevralın 11-də öz qohumu Otto Robert Fişer ilə birlikdə ingilis jurnalı “Nature” -də nəzəri fiziki əsaslandırmanı çap etmişdir. Bu məqalədə Fris sonralar beynəlxalq qəbul olunan termini “ingiliscə nuclear fission” (nüvənin parçalanması)  daxil edir.

Otto Qan və Fris Ştrassmanın nüvənin parçalanmasını kəşf etmələri bəşəriyyət tarixində yeni eranın başlanğıcı oldu. 

Otto Qan və onun həyat yoldaşı Edit faşizmin əlehdarları idilər.

1945-ci ildə müharibənin sonunda Qan Tailfingendə (indi Albştadtın nəzdin-dədir) həbs olunur. O, digər 9 alman fiziki, o cümlədən Maks fon Laue, V.K. Heyzenberq və K.F. fon Vayzekker ilə birlikdə İngiltərəyə Kembric yaxınlığındakı Farm-Xolla gətirilir. 1946-cı ilin yanvarın əvvəlində  alman alimlərinə Almaniyaya qayıtmağa icazə verirlər.

1945-ci ildə İsveç Kral elmlər akademiyası Otto Qanı 1944-cü il üçün “ağır atom nüvələrinin parçalanmasının kəşfi üçün” kimya sahəsində Nobel mükafatına layiq gördü. Həmin vaxt Qan İngiltərədə Farm-Xollda həbsdə olduğundan mükafat ona 1946-cı ildə təqdim olunmuşdur.

Ömrünün sonuna qədər dünyanı sürətli nüvə silahlanmasının və torpağın radioaktiv çirklənməsinin təhlükəsi olması ilə xəbərdar etmişdi.

O, 45 akademiyanın və elmi cəmiyyətin üzvü və ya fəxri üzvü seçilmişdi.

Həyat boyu Qan ölkəsinin və beynəlxalq ali mükafatlarına  37 dəfə layiq görülmüşdü.

Otto Qan 1968-ci ilin iyulun 28-də 90 yaşında Qettingendə vəfat etmişdir. 

1999-cu ildə alman jurnalı “Focus” 500 aparıcı təbiət elmləri nümayəndələri, mühəndislər və həkimlər arasında sorğu apararaq XX əsrin ən əsas tədqiqatçılarını müəyyən etmək istəmiş və sorğunun nəticələrini çap etdirmişdir. Kimyaçı-eksperimentator Otto Qan fizik nəzəriyyəçilər Albert Eynşteyn və Maks Plankdan sonra üçüncü yeri tutmuşdur və beləliklə də öz dövrünün ən əhəmiyyətli emprik tədqiqatçısı adlandırılmışdır.

 3.Artri Virtannen -1945

Finlandiya biokimyaçısı Artturi Virtanen 1895-ci ilin yanvarın 15-də Qelsinqforsda (indiki Helsinki) anadan olmuşdur. 1916-cı ildə Qelsinqfors universitetini bitirmişdir. 1916-1919 –cu illərdə  Helsinkidə Mərkəzi sənaye laboratoriyasında, 1919-1920-ci ildə “Valio” firmasında işləmişdir. 1920-1924-cü illərdə öz biliklərini fiziki kimya sahəsində İsveçrədə və Almaniyada bakteriologiya və enzimalogiya sahəsində İsveçdə təkmilləşdirmişdir. 1924-1948-ci illərdə Helsinki universitetində dərs demişdir (1931-ci ildən professor vəzifəsində), eyni zamanda 1931-1939-cu illərdə Fin texniki universitetində professor işləmişdir. 1931-ci ildən 1973-cü ilə qədər Biokimya institutunun direktoru olmuşdur.

Əsas elmi işləri yemlərin biokimyasına aiddir. 1925-ci ildə paxlalıların azotu fiksasiyasının mexanizmini öyrənmişdir.

Bitkilər tərəfindən  azotlu üzvi birləşmələrin mənimsənilməsi zamanı qırmızı piqmentin funksiyasını və  vitaminlərin əmələ gəlməsi faktını müəyyən etmişdir. 1928-1929-cu illərdə yemlərin konservləşdirilməsi üsulunu işləyib hazırlamışdır. Bu üsul ondan ibarətdir ki, yem sulfat və xlorid turşularının qarışığı ilə pH=4 olana qədər turşulaşdırılır və nəticədə bakterial və fermentativ proseslər dayanır. Bu üsul bir sıra ölkələrin kənd təsərrüfatında geniş tətbiq tapmışdır. Virtanen südün və yağın konservasiyası üsulları işləyib hazırlamış, pendir istehsalı texnologiyasının yaxşılaşdırılması ilə məşğul olmuşdur.

Virtanen 1945-ci ildə “kənd təsərrüfatı və qida kimyası sahəsində tədqiqatlarına və ixtiralarına, xüsusən də yemlərin konservləşdirilməsi üsullarına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Virtanen 1948-1963-cü illərdə Finlandiya Elmlər Akademiyasının prezidenti olmuşdur.

Bir sıra elmlər akademiyalarının və elmi cəmiyyətlərin üzvü olmuşdur.

Virtanen 1973-cü ilin noyabrın 11-də vəfat etmişdir.

 

İlin gənc müəllimi-Müraciət formu