Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi, həmçinin “Karyera klubu”nun təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təlim keçirilib.
AzEdu.az xəbər verir ki, “Karyera planlaşdırılması” mövzusuna həsr olunan təlimdə çıxış edən mərkəzin rəhbəri Gülçöhrə İbrahimova universitetdə mütəxəssislərin iştirakı ilə belə təlimlərin mütəmadi təşkil olunduğunu və karyera qurmağa hazırlaşan tələbələr üçün böyük önəm daşıdığını bildirib.
Sonra təlimçi-dünyanın “Böyük Dördlük” audit şirkətlərindən biri olan “Deloitte” şirkətinin baş HR mütəxəssisi Flora Əzimova karyeranın planlaşdırılmasına dair geniş təqdimatla çıxış edib. Təqdimatda CV-nin düzgün hazırlanma qaydaları haqqında ətraflı məlumat verilib, müsahibə mərhələsinin vacib məqamları açıqlanıb. Eləcə də peşəkar insanların platforması olan Linkedin-də özünü inkişaf etdirməyin müxtəlif üsullarından söhbət açan F.Əzimova peşəkar ünsiyyət, yeni tanışlıqlar müstəvisi olan bu şəbəkənin uğurların paylaşılması, təcrübələrin bölüşülməsi, nailiyyətlərin önə çıxarılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.