Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-28 11:28:00
14 yaşlı qız əlindən alınan telefona görə yataqxananı yandırdı

Qayanadan (Cənubi Amerika) olan 14 yaşlı məktəbli qız telefonu əlindən alındıqdan sonra yataqxananı yandırıb.

AzEdu.az saytı Reuters-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər həlak olub.

19 nəfərin həyatına son qoyan yanğın Qayananın paytaxtı Corctaundan təxminən 300 km aralıda yerləşən Mahdia şəhərindəki orta məktəbdə baş verib.

“Yanğın qəsdən törədilib və binanın cənub-qərb hissəsində, tualetin ərazisindən başlayıb”, – deyə Qayana Yanğın və Xilasetmə Xidməti bildirib.

Yataqxanada 59 nəfərin yaşadığı məlum olub. Bina alovlananda içəridə 56 tələbə və yataqxana müdirinin oğlu olan beş yaşlı uşaq olub.


Xilasedicilər divarlardan birini deşərək uşaqları yanmadan xilas etməli olublar.

38 nəfər xilas edilib. 12-18 yaşlarında olan 18 tələbə qız və 5 yaşlı uşaq dünyasını dəyişib.

Daha 6 qız ağır vəziyyətdədir, onlar Corctaun xəstəxanasına yerləşdiriliblər.

Yanğın törətməkdə şübhəli bilinən qızın adı açıqlanmır. KİV-in məlumatına görə, o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.