https://www.zirve.edu.az/
16.03.2018 12:16
Bu vəzifələrə müsabiqə keçirlir - Qeydiyyat başladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

Sənədlərin qəbulu martın 16-dan aprelin 12-dək  davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub- olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. İmtahana buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra DİM-in portalından əldə etmək olar.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.