Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 11:05:00
Türkiyəli tələbə: “Azərbaycanda karyera qurmaq istəyirəm” - MÜSAHİBƏ

Bir çox ölkələrdə xaricdə təhsil almaq prestij sayılır. Xaricdə təhsil almaq üçün hər kəsin müəyyən səbəbləri və hədəfləri var. Bəziləri xaricdə təhsilin daha yüksək səviyyədə təşkil olduğuna inanır, digərləri bunun karyera qurmağa kömək edəcəyini düşünür, başqaları həm də mühitin ona müsbət enerji verəcəyinə ümid edir. Amma səbəb nə olursa olsun, xaricdə təhsil almaq istəyənlərin sayı artır.

Azərbaycanlı gənclər təhsil üçün xaricə getdiyi kimi, əcnəbilər də bizim ölkəyə gəlir.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2022-2023-cü tədris ilində Azərbaycan universitetlərində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır.

AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələrə başlayır.

İlk müsahibimiz Türkiyə vətəndaşıdır.  Hazırda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində bakalavr təhsili alan 3-cü kurs tələbəsi Aybars Gülerlə söhbəti təqdim edirik.

 

- Türkiyənin hansı bölgəsindənsiniz?


- İstanbulda yaşamışam. Orta məktəbi orada oxumuşam. Daha sonra xaricdə təhsil almaq istəyilə Azərbaycan Respublikasını seçdim. Və bu arzumu reallaşdırdım. 


- Ailədən, doğmalardan kənar qalmaq sizə çox çətin gəlmir ki?

 

- Hazırda Azərbaycanda ailəmlə birgə yaşayıram və Azərbaycanda bizim qardaş ölkə olduğu üçün özümü burada rahat hiss edirəm. 

 

- Bir çox gəncin arzusu xarici ölkələrdə təhsil almaqdır. İstərdik ki, xaricdə təhsil almağınızın əsas səbəblərindən danışasınız.

 

- Azərbaycanda təhsil almağımın əsas səbəblərindən biri Bakı Dövlət Universitetində təhsil almaq istəyim olub. Bu universitetin çox yaxşı təhsil sisteminə və kollektivə sahib olduğunu düşünürəm.

 

- Niyə təhsil almaq üçün məhz Azərbaycanı seçdiniz?


-
Çünki Azərbaycan bizim qardaş ölkədir. Mədəniyyəti bizə çox yaxındır. Eyni zamanda,  diplomu da Türkiyədə tanınır.

 

- Təhsilinizi bitirdikdən sonra Azərbaycanda qalıb karyera qurmaq istərdiniz?


- Əlbəttə, hazırda Türkiyəyə geri dönməyi düşünmürəm. Burada qalmağı, karyeramı Bakıda qurmağı fikirləşirəm.

 

- Azərbaycanda təhsil almağın üstünlükləri hansılardı?

 

- Azərbaycan təhsil sisteminin çox yaxşı olduğunu düşünürəm. Eyni zamanda, diplomu dünyanın çox ölkəsində keçərlidir.

 

- Ümumiyyətlə, Azərbaycandakı tələbə həyatında hansısa çətinliklərlə qarşılaşdığın hallar olurmu?


- Azərbaycanda olduğum müddətdə heç bir çətinliklə üzləşdiyim olmayıb. Hazırda burda olmaqdan məmnunam.