Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-05 14:41:00
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib

Martın 5-də Bakıda idman paradı təşkil edilib.

AzEdu.az xəbər verir ki, Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, idman federasiyalarının nümayəndələri, İdman Səfirləri və idman həvəskarları iştirak ediblər.

Əvvəlcə minlərlə parad iştirakçısı Dənizkənarı bulvarda, “Şeytan çarxı”nın (Bakının gözü) qarşısından “Dinamo" parkınadək yürüş ediblər. Paradda üçrəngli bayrağımızı Olimpiya çempionu Elnur Məmmədli aparıb.

Yürüş başa çatdıqdan sonra təntənəli mərasim keçirilib. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib. Ardınca Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

İdman Səfirlərinin (Aynur İmanova, Hacı Əliyev, Maksim Medvedev, Tofiq Musayev, Elnur Məmmədli, İlham Zəkiyev, Aliyə Paşayeva) təqdimatından sonra paralimpiya çempionu İlham Zəkiyev idmançılar adından çıxış edib.

Tədbirin bədii hissəsində əvvəlcə karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev “Qəhrəman əsgər" mahnısını oxuyub. Ardınca brekdans, kapoeyra, gimnastika hamı üçün, akrobatika gimnastikası növləri üzrə milli komanda üzvlərinin nümunəvi çıxışları olub.

Parad konsert proqramı ilə davam edib.