https://modern.az/
2022-11-24 09:13:00
Məktəblərdə ingilis dili ilə bağlı vəziyyət nə yerdədir?-“Müəllimlərin də bilməsi üstünlükdür”

 

“Bəzi məktəb müəllimləri treninqlərə cəlb olunmalıdır”.

 

Təhsil naziri Emin Əmrullayev son açıqlamasında ingilis dilinin müasir elm sahəsi üçün zəruruliyini vurğulayıb. Nazir ingilis dilini bilməyən elm adamlarınınbu sahədə arzuolunan nəticə əldə etməsinin sual doğurduğunu bildirib.

 

Zaman-zaman universitet nümayəndələri də ingilis bölməsinə yeni qəbul olunan tələbələrdə bu dil biliyi ilə problemlərin olduğunu qeyd edirlər. Belə ki, universitet müəllimləri bu bölmə üzrə təhsil alan tələbənin ingilis dilini bilməməsindən şikayətlənirlər.

 

Bəs orta məktəbdə xarici dil fənni üzrə tədrisin keyfiyyəti nə dərəcədə ürəkaçan hesab olunur?

 

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında xarici dil fənnini tədris edən müəllimlərin bilik səviyəsinin orta məktəb səviyəsi üçün normal hesab olunduğunu söyləyib:

 

“Biz buna elm və təhsil nazirinin keçirdiyi imtahanda bir daha şahid olduq. Məsələyə diqqətli yanaşsaq, görərik ki, biz digər fənlər üçün eyni fikri söyləyə bilmirik. Riyaziyyat, fizika, kimya kimi fənlər müasir bilik və bacarıqlar tələb etdiyi üçün fənni tədris edən müəllimin xarici dil bacarığı da olmalıdır. Digər fənləri tədris edən müəllimlərin dərs vəsaiti və tədris proqramı Azərbaycan dilində olduğu üçün müəllimlər xarici dil öyrənməyi üstün tutmur”.

 

Mütəxəssis xarici dil biliyinin üstünlüklərinə diqqət çəkərək,bunun müəllimlər üçün vacibliyindən söz açıb:

 

“Xarici dil biliyi olan müəllim müxtəlif mövzular ilə bağlı araşdırma aparıb, şagirdlərə informasiya ötürə bilər. Xarici dil biliyi olan şəxs gələcəkdə rahatlıqla magistr, dokturantura təhsili alıb, biliklərini artıra da bilər. Bir məsələyə toxunmaq istəyərdim ki, son dövrdə universitetlərdə ingilis dilli ixtisasların sayı azalmaqdadır. İngilis dilli ixtisası bitirən tələbələr, xarici dil biliyi olduğu üçün özəl sektorda rahatlıqla iş imkanı əldə edə bilərlər”.

 

İngilis dili üzrə təlimçi Məhəmməd Qarakişiyev mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında xarici dil biliyinin fərd üçün üstülük olduğunu nəzərə çatdırıb:

 

“Təhsil naziri mövzunu doğru şəkildə vurğulayıb. İngilis dili fənni bu gün o qədər vacibdir ki, hətta orta məktəb şagirdi xarici dil bilməklə özü üçün keyfiyyətli tədris sistemi yarada bilər. Bu gün universitet təhsili alan tələbə xarici dil biliyi olmadığı  halda dünya arenasına çıxa bilmir”.

 

“Dokturantların və tədqiqatçıların xarici dil bilməməyi təhsilin natamam olması mənasına gəlir”

 

“Biz bilirik ki, bütün dünya resursları işini ingilis dili vasitəsi ilə həyata keçirir. Bunun nəticəsində Azərbaycan gənci beynəlxalq arenaya daha rahat çıxa bilər. Bir sıra şəxslər xarici dil biliyinin olmaması, ya da zəif olması səbəbindən, hətta alimlik dərəcəsinə çatsalar belə, dünya arenasına çıxa bilmirlər. Məktəbdə texniki baxımdan çatışmayan resurslar var, əsasəndə region məktəblərində internet ilə bağlı problemlər müşahidə olunur”.

 

“Xarici dil fənni tədris edən müəllim daim özünü təkmilləşdirməlidir”- deyə, o bildirib.