Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 10:45:00
Deputat: “Azərbaycan müəllimi tərbiyə və bilik səviyyəsinə görə əcnəbi müəllimlərdən bir o qədər də aşağı deyil”

“Bu gün Azərbaycan təhsili inkişaf edir. Ümumi konsepsiyadan çıxış etmək lazımdır. Kim deyirsə ki, təhsilimizdə inkişaf yoxdur, yanlışdır. Hər şey Elm və Təhsil Nazirliyindən asılı deyil. Yəni bağça müəllimlərindən tutmuş, orta məktəb, eləcə də universitet müəllimlərinə qədər hər kəsin, bütün təhsil adamlarının məsuliyyəti olmalıdır. Bütün problemləri nazirin üstünə yıxmaq olmaz. Məlum nazirlik yalnız istiqamət verir. Biri məktəbdə şagirdi döyür, biri bağçada uşağın qulağını çəkir və s. Sonra da çəkib sosial şəbəkələrdə paylaşırlar. Belə davranış tərzi yolverilməzdir, məsuliyyəti hiss etmək lazımdır. Müəllim bilikli, məsuliyyətli və ən əsası təmkinli olmalıdır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Deputat bildirib ki, Azərbaycan müəllimlərinin səviyyəsini aşağılamaq olmaz, lakin onların sertifikatlaşdırılmasına ehtiyac var: “Doğrudur, ali təhsil müəssisələrində pedaqogika da tədris edilir. Yəni təkcə ixtisas fənnini bilməklə məsələ həll olmur. Ona görə də onların müəyyən bilik və bacarıqlarının yoxlanılması məsləhətlidir. Müəllimin biliyi ilə yanaşı onun davranışı da çox önəmlidir. Biz də şagird, tələbə olmuşuq. Müəllimlər mütləq məsuliyyətli olmalıdırlar. İstənilən halda, bizim dövrlə indiki dövr arasında ciddi fərqlər var. O vaxtlar biz yalnız kitabxanalardan əlavə məlumatlar ala bilirdik. İndi isə həm müəllimlər, həm də şagirdlər internet vasitəsilə istədikləri məlumatı əldə edir, maariflənirlər. Azərbaycan müəllimi çalışmalıdır ki, harda olmasından asılı olmayaraq mütləq əlavə dil bilsin. İstənilən halda, xarici ölkələrlə müəllimlər və tələbələrin mübadiləsi həyata keçirilməlidir”.

 

E.Quliyev, həmçinin, qeyd edib ki, Azərbaycan müəllimini qınamaq olmaz, çünki bugünki uşaqlar mürəkkəbdir, onları tərbiyələndirmək, razı salmaq nisbətən daha çətindir: “Şagirdlər sual ardınca sual verirlər. Gərək müəllim də şagirdin, tələbənin suallarına hazırlıqlı olsun. Yəqin, heç bir müəllim istəməz ki, şagirdin sualını cavabsız qoysun. Bu, müəllim üçün mənfi haldır. Müəllim peşəsi ümumiyyətlə müqəddəsdir. O, cəmiyyətə həm təhsil, həm də tərbiyə verir. Nəzərə almaq lazımdır ki, məktəblərdə, universitetlərdə müxtəlif ailələrdən gələn şagirdlər olur. Bir də görürsən ki, uşaqdan Azərbaycanın paytaxtını soruşurlar, o da cavablayır ki, paytaxtımız Ağsu şəhəridir. Yəni azyaşlılar hər zaman maraqları olan hadisələrə və faktlara daha meyilli olurlar. Müəllim çalışmalıdır ki, şagirdin meylini dərsə, daha faydalı müəlumatlara yönəltsin. Hesab edirəm ki, Azərbaycan müəllimi tərbiyə və bilik səviyyəsinə görə əcnəbi müəllimlərdən bir o qədər də aşağı deyil”.