Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-29 10:02:00
“Rəhbər elmdən başı çıxan şəxs olmalıdır” - Misir Mərdanov  

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.

 

Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.

 

Bundan əlavə, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı da təsdiq edilib.

 

Yeni nazirlik haqqında Modern.az-a danışan sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov gözləntilərini dilə gətirib. Keçmiş nazir hesab edir ki, yeni nazirlik alimlərə elm və tədqiqatlarla məşğul olmaq üçün lazımi şərait yaratmalıdır.

 

“Hələlik mən bu qərarla dərindən tanış deyiləm. Fərmanın necə icra olunacağını da proqnozlaşdırmaq çətindir. Arzum budur ki, millətimiz, dövlətimiz üçün xeyirli olsun.

 

İstəyərdim ki, alimə elm və tədqiqatlarla məşğul olmaq üçün şərait yaradılsın. Bu olsa, hər şey etmək mümkündür. Alimlərə qiymət verilməlidir ki, elm və tədqiqat işlərini davam etdirsinlər.

 

Nazirliyin tərkibində iki agentlik yaradıldı. Biri elmlə bağlı, digəri isə məktəbəqədər və orta təhsillə bağlıdır. Hər halda elmlə bağlı agentliyə elmdən başı çıxan, müəyyən səviyyəyə çatmış şəxsin rəhbərlik etməsi daha məqsədəuyğundur.

 

Mənim gözləntim odur ki, bu dəyişiklik elmin inkişafına müsbət təsirini göstərsin”, - deyə Misir Mərdanov vurğulayıb.