Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 16:23:00
 Müəllimdən örnək addım – Şagirdləri  xanım şəhidin evinə apardı-FOTOLAR  

4 May Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin şəhidi Arəstə Baxışovanın doğum günüdür. 

 

Goranboy rayon Səmədabad kənd tam orta məktəbinin müəllimi Şəlalə Mürsəlovanın təşəbbüsü ilə    birinci sinif şagirdləri  Vətən Müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın evini ziyarət ediblər.

 

Qeyd edək ki, ibtidai sinif müəllimi Şəlalə Mürsəlovanın təklifi əsasında adıçəkilən məktəbdə birinci siniflərin tədris aldığı sinif otağına xanım şəhidin adı verilib:

 

“Goranboy Rayon Təhsil Şöbəsindən müəllimlərə deyildi ki, pedaqoji şuranın qərarı ilə məktəblərdə siniflərə şəhidlərin adı verilsin. Mən könüllü surətdə yeganə şəhid xanımımız Arəstə Baxışovanı seçdim. Lakin onun ailəsini tanımırdım. Şəhidimizin adını birinci siniflərin təhsil aldığı otağa verdik. Şagirdlər bundan çox məmnun olaraq sevinc hiss keçirdilər. Birinci sinif olmalarına baxmayaraq, onun haqqında informasiyalar toplayıb müxtəlif məlumatlar öyrəndilər. Uşaqlar hər yerdə çox həvəslə deyirdilər ki, biz Arəstə Baxışovanın sinifində təhsil alırıq. Hətta bu hadisə balacalara  o dərəcədə təsir etdi ki, qiymətlərini yüksəldərək əlaçı oldular”.

 

Müəllim bu addımı ilə kifayətlənməyərək, rəhbəri olduğu sinfin şagirdlərini xanım şəhidin evinə gətirərək, ailə üzvləri ilə görüşdürüb. Şagirdlər görüşə  hərbi libasla gəliblər:

 

“Mən bir müəllimə kimi həm sevincli həm də eyni zamanda üzüntülüyəm. Sevincli və qürurluyam  ona görə ki, qismən də olsa, öz vətəndaşlıq borcumu yerinə yetirdim. Ancaq üzüldüm ki, iki məsum körpənin gözlərində ana həsrəti və eyni zamanda bir ananın gözlərində bala özləmi var. Mən bir qadın olaraq qadın şəhidimizlə qürur duydum.Allah şəhidlərimizə rəhmət eləsin”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları