Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 14:36:00
“Universitetlərdə deyil, orta məktəblərdə tətil elan edilməlidir”- Real durum necədir?

 

“Hesab edirəm ki, hazırda ən vacib məsələ orta təhsildə fasilənin verilməsi, yəni tətilin elan edilməsidir”

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev omikron ştamına yoluxmanın yüksək olması səbəbilə ali məktəblərdə tətil müddətinin uzadılmasını təklif etmişdi.

 

Bu təklif təhsil ictimaiyyətində ciddi müzakirələrə səbəb olsa da, Təhsil Nazirliyi universitetlərdə tətil müddətinin uzadılması ilə bağlı müzakirələrin aparılmadığını açıqladı.

 

Bəs hazırkı vəziyyətdə ali məktəblərdə tətil müddətinin uzadılmasına, yaxud tədrisin onlayn təşkilinə nə dərəcədə ehtiyac var?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov ali və orta məktəblər arasındakı rəqəmləri müqayisə edərək universitetlər və kolleclərdə vəziyyətin təhlükəli olmadığını qeyd edib:

 

“İlk növbədə onu qeyd edim ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsili müəssisəsində isə 56 min tələbə təhsil alır. Birmənalı şəkildə bu qədər insanın birlikdə aktiv hərəkət etməsi təbii olaraq yoluxma sayına öz təsirini göstərəcək. Amma ali və orta ixtisas təhsili müəssisələrində vəziyyət o qədər də təhlükəli deyil. Ona görə ki, orta məktəblərlə müqayisədə burada say daha azdır. Yəni orta məktəblərimizdə 1.6 milyon şagird təhsil alırsa, ali məktəblər bu rəqəm 187 mindir”.

 

O, tələbələrin yaşayış şəraitini nümunə gətirərək,  başqalarını yoluxdurma riskinin  çox az olduğunu bildirib:

 

“Bununla yanaşı, ali məktəblərdə təhsil alan tələbələr daha anlayışlı şəxslərdir ki, onlar pandemiya dövrünün qaydalarına daha yaxşı əməl edə bilirlər. Eyni zamanda, tələbələrin böyük əksəriyyəti öz evlərində yaşamırlar. Yəni onlar yoluxsa belə, potensial daşıyıcı olaraq ailə üzvlərini və digərlərini yoluxdurma təhlükələri yoxdur. Yaşadıqları kirayə evlərinə yollanırlar və az insanlar ünsiyyətdə olurlar. Ancaq orta məktəblərdə vəziyyət daha fərqlidir. Burada virusa tutulan şəxslər evlərində valideynləri və digər ailə üzvlərinə də yoluxdura bilirlər. Bundan başqa, sentyabrda orta və ali təhsil müəssisələrində əyani tədris bərpa olunduqdan sonra yoluxma statistikasında görürük ki, ali məktəblərdə vəziyyət o qədər də təhlükəli deyil”.

 

K.Əsədov ali təhsil müəssisələrində tətil müddətinin uzadılmasına ehtiyac olmadığını bildirərək səbəbini əsaslandırıb:

 

“Tələbə sayının ən çox olduğu Bakı Dövlət Universiteti, UNEC, Azərbaycan Dövlət Pedaqoji Universitetləridir ki, onlarda infrastruktur daha yaxşıdır. Məsələn, BDU tələbələrin normal təhsil alması, pandemiya dövründə tədrisin təşkili üçün lazımı imkanları yarada bilib. Eyni zamanda, universitetin giriş hissəsində quraşdırılan aparatlar vasitəsilə tələbələrin və digər şəxslərin yoxlanması həyata keçirilir. Ali məktəblərdə tədrisin bərpası bizim üçün o qədər də təhlükə yaratmayacaq. Digər tərəfdən burada bir məsələ var. Təhsil Nazirliyi akademik gecikmələrin qarşısını almaq üçün ali məktəblərdə tələbələrin köçürülməsinin dayandığını bildirmişdi. Yəni, bunu nəzərə alsaq, ali məktəblərdə tətil müddətinin  uzadılması, yaxud dərslərin distant şəkildə həyata keçirilməli olduğunu düşünmürəm. Buna ehtiyac yoxdur,hazırda ali təhsil müəssisələri yolxuma statistikasında təhlükəkli rəqəm ortaya qoymayıblar. Hətta yoluxmaların sayında da biz bunu görürük”.

 

Ekspert ali məktəblərdə deyil, ümumi orta təhsil müəssisələrində tətilin elan olunmasının vacibliyini vurğulayıb:

 

“Əgər orta məktəblərdə ümumilikdə  150 min müəllim çalışırsa, ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sayı bundan dəfələrlə azdır. Cəmi 40 min müəllim ali və orta ixtisas təhsili müəssisələrində çalışır. Yəni bu o qədər də ciddi və təhlükəli bir rəqəm deyil. Hesab edirəm ki, hazırda ən vacib məsələ orta təhsildə fasilənin verilməsi, yəni tətilin elan edilməsidir. Tələbələr yanvarın sonundan etibarən tətildədirlər, itirdiklərini enerjini bərpa ediblər və ali təhsil müəssisələrində qırılma nöqtəsi var. Hətta ali təhsil müəssisələri pandemiyanın ən sərt dövründə belə yolxuma üçün təhlükə mənbəyi deyildi. Buradakı təhsilalanlar kifayət qədər təcrübəli idilər. Bununla yanaşı, ali təhsil müəssisələri onsuz da dərsləri hibrid formada həyata keçiridilər, yəni tədris tam şəkildə bərpa edilməmişdi”.

 

“Yolxuma sayında orta məktəblər daha aktiv fazada iştirak edilər”

 

“Düşünürəm ki, yoluxan şəxslər arasında orta məktəb müəllimlərinin və şagirdlərin daha çox paya sahib olduğunu bilirik. Çünki təhsil burada daha kütləvidir, yəni bu gün 4432 məktəb fəaliyyət göstərir, amma universitetlərin sayı cəmi 51-dir. Eyni rəqəm fərqi şagirdlər və tələbələrin sayı arasında da mövcuddur, şagirdlər üstünlük təşkil edir. Bu rəqəmlər onu göstərir ki, yolxuma sayında orta məktəblər daha aktiv fazada iştirak edirlər, nəinki ali təhsil müəssisələri”.