Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-30 17:50:00
Üç əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 19-da və 20-də doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə fəlsəfə doktoru və əcnəbilər üçün Azərbaycan dili imtahanları keçirilib. Dekabrın 25-də və 26-da isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.
Mərkəzdən bildirilib ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və vizual təsvir üzrə yazı işləri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 294 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 6 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.
68 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
Üç əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
Məlum olduğu kimi, müvafiq qurumlarla razılaşdırılmaqla, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 35 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər. Danışıq bloku üzrə qiymətləndirmə ilk dəfə aparıldığı üçün bu blok üzrə minimum bal məhdidiyyəti cari imtahan üçün qoyulmayıb. Doktorantura və dissertantura səviyyəsində növbəti xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında danışıq bloku üzrə də minimum bal məhdudiyyətinin qoyulması nəzərdə tutulub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 2022‑ci il yanvarın 6-dan etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il yanvarın 3-5-də DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.