Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 13:22:00
Məktəblinin rəqəmsal portfoliosu yaradılır  

2023-cü ildə Rusiyada “Şagirdin rəqəmsal portfoliosu” xidməti fəaliyyətə başlayacaq. Təhsil ekspertləri distant təhsilin davam etdiyi indiki dövrdə belə bir ideyanın ərsəyə gətirilməsini olduqca maraqla qarşılayıblar. Qeyd olunur ki, məktəblinin rəqəmsal portfoliosu  gələcəkdə işlə təmin olduqda adi rezümeni əvəz edə bilər. Ekspertlərə görə,  rəqəmsal transformasiya  çərçivəsində təhsil prosesinin bütün iştirakçılarının həyatı dəyişməlidir. Xüsusilə, rəqəmsal portfolionun yaranması ilə məktəblinin kağızda qeydə alınmış bütün biliklərini, sertifikatlarını və digər nailiyyətlərini toplaması və saxlaması lazım olmayacaq.

 

“Təhsil mühiti” onlayn proqramının iştirakçısı, Moskvadakı  338 nömrəli tam orta məktəbin təhsil keyfiyyəti üzrə direktor müavini, Milli Pedaqoqlar İttifaqının nümayəndəsi Sergey Rixertin fikrincə, rəqəmsal portfolionun yaradılması təkcə şagirdlər üçün deyil, həm də müəllimlər və valideynlər üçün aktual olacaq. Ekspert qeyd edir ki, elektron portfolio  uşağın hansı tədbirlərdə iştirak etdiyini, hansı nəticələri göstərdiyini, hansı sahələrdə uğurlar qazandığını görməyə imkan verir. Portfolionun olması məktəblərdə təmayül - ixtisas siniflərinin formalaşmasına da kömək edəcək. Bundan əlavə, pedaqoq vurğulayıb ki, onun köməyi ilə şagird üçün ən rahat tədris trayektoriyasını müəyyənləşdirmək, ona öz bacarıqlarını inkişaf etdirmək imkanı vermək mümkün olacaq. “Uşaqların başa düşmələri vacibdir ki, portfolio sadəcə məlumat toplusu deyil, onların maraqlı təhsil gələcəyi üçün bir addımdır”, - deyə S.Rixert qeyd edib.

 

Bir qədər əvvəl isə  “Uçitelskaya qazeta” saytı Maarif  Nazirliyinin süni intellektin müəllimlərin köməyinə gələcəyi barədə məlumatını yayıb. (Azərbaycan müəllimi)