Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-14 11:42:00
Gürcüstan təhsilində ciddi yeniliklər gözlənilir

5 illik islahat konsepsiyası hazırlanır

 

Gürcüstan hökuməti 2021-ci ildə təhsil sahəsində bir sıra yeniliklər planlaşdırıb. İslahatlar məktəb və məktəbəqədər tərbiyə ocaqlarını əhatə edəcək.

 

Uşaq bağçasına və gəlirləri müəyyən həcmdən yüksək olan ailələr üçün təhsil haqlarının tətbiqinə dair çoxsaylı təkliflərə baxmayaraq, Gürcüstan hökuməti 2021-ci ildə tam pulsuz məktəbəqədər və məktəb təhsili sistemini saxlamaq qərarına gəlib. Lakin bu zaman hər iki sistem bir sıra ciddi islahatların aparılmasını tələb edir.  

 

Uşaq bağçalarının islahatı

 

2021-ci ildə dövlət 1 yaşdan 6 yaşa qədər bütün uşaqların vahid elektron sistemini yaradacaq və xüsusi məktəbəhazırlıq mərkəzlərinin yaradılması konsepsiyasını ortaya qoyacaq. Bu konsepsiyanın həyata keçirilməsinə isə artıq cari ilin sonunda başlanılacaq.

 

Bundan başqa, bu il uşaq bağçalarının bütün sistemini də dəyişmək planlaşdırılır. Bağçalar bundan sonra uşaqları davranış, emosional və sosial bacarıqların inkişafı ilə məktəbə hazırlayan Məktəbəqədər təhsil funksiyasını yerinə yetirəcək.

 

Uşaq bağçalarında tərbiyəçilərin tərkibi də dəyişəcək. Hökumət bağçalara gənc kadrların cəlb olunmasına diqqət yetirəcək.

 

Rayonlarda uşaq bağçalarının çatışmazlığı da diqqətdən kənarda qalmayıb. Bu il hökumət  bütün ölkə üzrə daha 50 məktəbəqədər müəssisə tikmək niyyətindədir.

 

Məktəb islahatlarının yeni dalğası

 

2021-ci ildə məktəb təhsil sistemini də islahatlar gözləyir. Belə ki, hökumət tədris planını tamamilə yenidən nəzərdən keçirəcək və dərsliklərin dəyişdirilməsini davam etdirəcək.

 

Bundan başqa, 2021-ci ildə tam təhsil sistemində əsaslı islahatların hazırlanmasına başlanılacaq, beş il davam edəcək islahatın startı üçün ilk standartlar və prosedurlar müəyyənləşdiriləcək.

 

Dövlət həmçinin, 2021-ci ildə müəllimlər üçün tətbiq olunacaq yeni qaydalar hazırlayır. Onlar üçün xüsusi peşəkar inkişaf proqramları işlənilir ki, müəllimlər daim inkişaf edə bilsinlər.

 

Hökumət yeni məktəblərin inşası məsələsini də unutmayıb. 2021-ci ildə 80 yeni məktəb tikiləcək və 850 məktəb təmir ediləcək.
 

 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi