https://www.zirve.edu.az/
22.10.2020 15:20
Təhsil naziri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 21-də Təhsil naziri Emin Əmrullayev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə onlayn formatda görüşüb.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Ölkələr arasında tələbə-müəllim mübadiləsi, təhsildə İKT və start-up istiqamətləri üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində Yapon mərkəzinin və yapon dilinin tədrisindən məmnunluq ifadə edilib,  universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 

Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb. Səfir, öz növbəsində, insan itkisinə görə narahatçılığını ifadə edib.