Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 10:48:00
Tədris mərkəzlərinin karantin böhranı – “Filiallarımızı bağladıq ,maaşlar isə...”

 

 “Yaranan maliyyə problemləri kursların fəaliyyətinə ciddi təsir göstərdi”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov deyib. 

 

Tədris kurslarının fəaliyyətinin dayandırılmasından danışan  R.İbrahimov mövcud vəziyyətin yol açdığı çətinliklərdən söz açıb:

 

“Hər kəsə məlum olduğu kimi, artıq 6 aydır tədris kursları fəaliyyət göstərmir. Bu müddət ərzində dövlətin qərarına sadiq qalaraq, biz də öz fəaliyyətimiz dayandırdıq.

  

Təbii ki, mövcud durum kurslara təsirsiz ötüşmədi. Tədris ili başa çatmamış abituriyentlərin dərsləri yarım qaldı. Əksər abituriyentlərdə ciddi internet problemi yarandığından  onlayn dərslər təşkil etsək də, kifayət qədər effektiv olmadı. Onlar dərsləri dayandırmalı oldular. Sadəcə, bu il qəbul imtahanında iştirak edən abituriyentlərin təxmini 20 faizi onlayn dərslərə davam etdilər. 

 

Bu gün əksər tədris mərkəzləri icarəyə götürdükləri binalarda fəaliyyət göstərirlər. Bəzi icarədarlar kurslara müəyyən güzəştlər etsələr də, bir çoxu buna getmədi.  Yaranan maliyyə problemləri kursların fəaliyyətinə ciddi təsir göstərdi”.

 

“Maliyyət dəstəyi ala bilmədiyimiz üçün biz də müəyyən sıxıntılar yaşadıq”

 

Söhbət əsnasında Rahib İbrahimov Zirvə Tədris Mərkəzinə təsirindən də danışdı:

 

“Bütün bunlar digər tədris kurslar kimi “Zirvə” Tədris Mərkəzinə də təsirsiz ötüşmədi. Nərimanov və Bakıxanov filiallarımızı icarə haqlarında güzəştlər edilmədiyi  üçün bağlamaq məcburiyyətində qaldıq.  Sentyabrın birindən həmin filiallarda yenidən fəaliyyətə başlamağı düşünsək də, Şamaxı dairəsindəki filialımızda da güzəşt edilmədiyi  üçün kursu başqa bir binaya köçürməli olduq.

 

Filialların bağlanması, başqa bir yerə köçürülməsi, bütün bunların hamısı, tədris kursları üçün maliyyə itkisidir. Banklara müraciət etdik. Lakin demək olar ki, heç bir bank tədris müəssisələrinə kredit vermir.

 

Maliyyə dəstəyi ala bilmədiyimiz üçün biz də müəyyən sıxıntılar yaşadıq. Belə bir şəraitdə işçilərin əməkhaqlarını  şirkətin gücü çata biləcək şəkildə 50-60 faiz miqdarında ödəməli olduq”. 

 

“Tək qorxumuz karantinin yenidən uzadılmasıdır”

 

Rahib İbrahimov sonda yeni tədris ilə bağlı ümidli olduqlırını da qeyd etdi:

 

“Bütün bunlara baxmayaraq, sentyabr ayından fəaliyyətə uğurla davam edəcəyimiziə  inanırıq. Kursların əsas göstəriciləri abituriyentlərin imtahan nəticələridir  ki, bu gün şükürlər olsun , Zirvə Tədris Mərkəzi olaraq, buraxılış və blok imtahanında göstəricilərimiz kifayət qədər qənaətbəxşdir. Ona görə yeni tədris ilində abituriyentlərin cəlb edilməsində elə bir ciddi sıxıntı yaşayacağımızı inanmırıq.

 

Tək qorxumuz karantinin yenidən uzadılmasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, tədris kurslarında 10 nəfərlik qruplarda dərslərin keçirilməsinə icazə verilməsi bizim üçün  stimul  oldu. Amma ümid edirik ki, yoluxma sayları artmaz və karantin də uzadılmaz”.