Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-18 12:54:00
M.F.Axundzadənin Tbilisidəki büstü - 13 illik zirzəmi həyatı, gürcü həkimin xeyirxahlığı və Saakaşvilinin jesti

Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli mütəfəkkir, ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin Tbilisidə məzarı üstündəki abidəsi ilə yanaşı, bir büstü də var. Büst böyük ədibin adını daşıyan 73 saylı azərbaycandilli məktəbin həyətində yerləşir. Amma bu məkan büstün ilk ucaldıldığı yer olmayıb.

AzEdu.az Report-a İstinadən xəbər verir ki,  M.F.Axundzadənin büstünün tarixçəsini araşdırıb və maraqlı məqamlar üzə çıxıb.

Ucaldılandan 11 il sonra yoxa çıxan büst

Ədəbi və ictimai fəaliyyəti Tbilisi ilə bağlı olan azərbaycanlı dramaturqun tuncdan olan büstü 1982-ci ildə onun anadan olmasının 170-ci ildönümü ilə bağlı hazırlanıb. Müəllifi Gürcüstanın əməkdar rəssamı, heykəltəraş Quram Kacaya olan monument keçmiş Leselidze, indiki Kote Abxazi küçəsində yerləşən 67 saylı orta məktəbin qarşısındakı bağda ucaldılır. Lakin büst 11 ildən sonra - 1993-cü ildə yoxa çıxır. Bəzi məlumatlara əsasən, abidənin götürülməsi mərkəzi küçədə aparılan bərpa işləri ilə bağlı olur. Lakin yenidənqruma işlərindən sonra abidə yerinə qaytarılmır. Büstün yox olması 1990-cı illərin əvvəllərində Tbilisidə təəccüb doğurmayan hal idi. Belə ki, həmin dövrdə şəhərdə bir neçə büst və heykəl ya tamamilə götürülüb, ya da yeri dəyişdirilib.

Abidənin xilaskarı  - gürcü həkim

Büstü vaxtilə Leselidze küçəsində yaşayan həkim David Askurava qoruyub saxlayır. O, abidəni məhv olmaqdan xilas edir və 67 saylı orta məktəbin zirzəmisində saxlanılmasına nail olur. M.F.Axundzadənin büstü düz 13 il həmin zirzəmidə qalır.

Saakaşvilinin göstərişi

Gürcüstanın azərbaycanlı icması abidənin böyük ədibin adına olan məktəbin həyətində qoyulması ilə bağlı aidiyyəti qurumlara bir sıra müraciətlər etsə də, heç bir nəticə əldə olunmur. Məsələ Azərbaycanın Gürcüstandakı o zamankı səfiri Namiq Əliyevin sayəsində həllini tapır. Səfir 2006-cı ildə Gürcüstanın prezidenti Mixeil Saakaşviliyə etimadnaməsini təqdim etdiyi görüşdə M.F.Axundazənin büstü məsələsini də qeyd edir.  M.Saakaşvilinin göstərişindən sonra abidə nəhayət qaranlıqdan işığa çıxarılır.

2006-cı ildə 67 saylı məktəbin rəhbərliyi büstü M.F.Axundzadənin adını daşıyan məktəbə hədiyyə edir. Q.Kocaya və memar David Morbeladze abidəni bərpa edirlər. Həmin ilin iyun ayının 30-da büst 73 saylı azərbaycandilli məktəbin həyətində 13 ildən sonra ikinci dəfə “həyata qovuşur”. Rəsmi açılış mərasimində çıxış edən heykəltəraş əsərinin dünyaya təkrar gəlişindən razılığını ifadə edir.

Memarlıq əsərinin xilaskarı D.Askurava artıq vəfat edib. O, vaxtilə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib və mədəniyyət ocağının əməkdaşlarına böyük yazıçının büstünü necə qoruyub saxlaması barədə fəxrlə danışıb.

İkinci həyatın 14 illiyi

Deyirlər bəzi heykəllərin ömrü insan ömrünə bənzəyir. Onlar insan kimi doğulur və həyatını başa vurur. M.F.Axundzadənin Tbilisidəki büstü 11 illik ilk həyatından sonra 13 il müddətinə zirzəmiyə atılıb. Görkəmli azərbaycanlının abidəsinin məhvi ilə bağlı hökmü Azərbaycan və gürcü xalqlarının birgə səyləri sayəsində ləğv etmək mümkün olub. Büstün ikinci həyatı artıq 14 ildir davam edir. Azərbaycanın böyük maarifçi-yazıçısının daşlaşmış surəti onun özü kimi əbədilik qazanıb

.