https://www.zirve.edu.az/
04.07.2020 15:49
Azərbaycan Dillər Universitetinin əməkdaşları inklüziv təhsillə bağlı onlayn təlim keçiriblər
Çap et

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrası Şamaxı rayon Sabir qəsəbəsi Alxan Alxanov adına tam orta məktəbin pedaqoji heyəti üçün “İnklüziv təlimin təşkili” mövzusunda “Zoom” platforması üzərindən təlim keçirib.

ADU-dan AzEdu.az-a bildirilib ki, təlimi Pedaqogika kafedrasının baş müəllimi Gülnar Abdullayeva və Günay Seyidova aparıblar. Təlim zamanı iştirakçılar inklüziv təhsil anlayışının mənası, məzmunu, prinsipləri, bugünkü həyatımızda tətbiqinin vacibliyi, eləcə də problemin təhlili və ona yanaşma məsələlərini öyrəniblər. Həmçinin iştirakçılara bu mövzularda videoçarxlar təqdim olunub.

 

ADU-nun Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova çıxışında inklüziv təhsillə bağlı keçirilən təlimin əhəmiyyətini qeyd edərək dövlətimizin xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim və təhsili üçün lazım olan bütün şəraiti təmin etmək məqsədilə geniş tədbirlər həyata keçirdiyini bildirib. N.Zeynalova respublikamızda bu istiqamətdə bir sıra layihələrə start verildiyini də vurğulayıb.

 

Sonda Şamaxı rayon Sabir qəsəbəsi Alxan Alxanov adına tam orta məktəbin direktoru Gülnurə Babaşova Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasından məmnun olduqlarını, təlimlərin təşkilinə şərait yaratdığı üçün rektor, akademik Kamal Abdullaya minnətdarlığını bildirib və belə tədbirlərin silsilə xarakterli olmasını arzulayıb.