Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 17:26:00
Xaricdə oxumaq istəyənlərə müjdə – Bütün universitetlər qəbulları davam etdirir

Koronavirusa görə artıq uzun müddətdir ki, Azərbaycanda bütün tədris müəssisələrində təhsil dayandırılıb. Həmçinin, xaricdə təhsil şirkətləri də mövcud durumla əlaqədar fəaliyyət göstərmir. Sərhədlərin bağlanması, ölkədaxili və SAT, TOEFL, İELTS kimi beynəlxalq dərəcəli imtahanların ləğv olunması xaricdə təhsil almağı planlaşdıran tələbələrin işini daha da çətinləşdirib.

 

Bəs maraqlıdır, görəsən, tələbələr mövcud durumda xaricdəki universitetlərə sənədlərini necə təqdim edirlər? 

 

İmtahanlarla bağlı yaranmış bu problemlərlə əlaqəli gənclərə güzəştlər olunurmu?

 

“Celt Colleges” şirkətinin Türkiyədə təhsil üzrə mütəxəssisi Fərid Kərimov AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“Təəssüf ki, koronavirusa görə xaricdə təhsildə bəzi problemlər yarandı. Bildiyiniz kimi, bu problem tək bizdə deyil, bütün dünyada mövcuddur. Amma düşünürəm ki, tələbələr üçün həll edilməsi çətin olan məsələ yoxdur. Hazırda demək olar ki, bütün universitetlər qəbulları davam etdirirlər. Universitetlər rəsmi olaraq işləməsə də, bütün işçiləri evdən çalışırlar. Yəni, tələbələrin sənədləri dəyərləndirilir, qəbullar göndərilir, tələbələri maraqlandıran suallar cavablandırılır. Hətta universitetlər keçən ilə nisbətdə daha operativ işləyir”.

 

Təhsil mütəxəssisi qeyd edib ki, xaricdəki universitetlər imtahan nəticələri olmasa belə, tələbələrin sənədlərini qəbul edirlər:

 

“Doğrudur, imtahanlar ilə bağlı problem yaranıb. SAT üzrə mart və may imtahanları ləğv olundu. Digər imtahanların isə iyunda olması gözlənilir. Bundan əlavə, tələbələr DİM imtahan nəticəsi ilə də bir çox ölkədə təhsil ala bilərlər. Bəzi tələbələr var ki, heç bir nəticələri yoxdur. Universitetlər də bu vəziyyətlə bağlı mümkün qədər güzəştlər edirlər. Bəzi universitetlər tələbələri imtahan nəticəsi olmadan şərti qəbul edirlər, amma vəziyyət düzəldikdən sonra imtahana girmələri tələb olunur”.

 

“Düşünürəm ki, sentyabrdan dərslər normal şəkildə davam edəcək, əgər sərhədlər bağlı qalarsa, universitetlər ya onlayn davam edəcək, ya da bir semestr gec başlayacaq. Bu səbəbdən tələbələrə tövsiyəm odur ki, narahat olmasınlar, imtahan nəticələri varsa, sənədlərini göndərib, qəbullarını alsınlar. İmtahan nəticəsi olmayanlar isə universitetlərin tətbiq etdiyi güzəştlərdən yararlansınlar. Ümid edirik ki, hər şey tələbələr üçün uğurlu olacaq və bu problemlərin öhdəsindən uğurla gələcəklər”, - deyə Fərid Kərimov sözlərinə əlavə edib.