Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 15:44:00
BDU tələbəsi yazır: Gözəl günlər görəcəyik...  

“Koronavirus bəlasının qəfil gəlişi ilə həyatımızda qorxunc, təsirli və könül parçalayan hadisələr yaşamağımıza rəğmən, ömrümüzün baharında - unudulmaz tələbəlik günlərimizdə yaşadığımız bu hadisə həm də bizi çoxlu nəticələr çıxarmağa vadar edir.”

 

AzEdu.az  xəbər verir ki, bu sözləri Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi İzzət Mikayılzadə qeyd edib.

 

Əslində gənc yaşlarda bu psixologiyanı dadmaq bizim üçün bəlkə də bir üstünlükdür. Bu üstünlüyü fürsətə çevirmək gələcək kimi öz əlimizdədir. Bəli, çox təəssüf ki, nə qədər özümüzə təsəlli versək də, keçmiş günlərlə bağlı yaxamızı bir an belə tərk etməyən xatirələrə heyran qalmaya bilmirik.

 

 Bu dönəmdə insan nəinki gözəl xatirələri, həmçinin yaddaşımıza həkk olunan pis xatirələri belə heyranlıqla xatırlayır. Əgər bir tələbə olaraq yanaşsam, "pis" xatirələrə qaib limitlərini, kəsirləri, 90 dəqiqəlik bəzən sıxıcı gələn mühazirələri, öyrənmədiyimiz mühazirənin seminarını əlavə edə bilərik. Amma indi soruşsalar, hər kəs cümləsinin əvvəllinə mütləq şəkildə "kaş ki" sözünü əlavə edəcək.

 

Şübhəsiz ki, artıq çox sevdiyimiz evimiz belə o partaları, doğma Universitet mühitini əvəz edə bilmir, o qədər səssizləşirik ki, səsli-küylü dəhlizlər həzin bir musiqini xatırladır bizə bu tənha günlərdə. Müəllimlərimizin tənqidləri qulağımızda şirinləşir. Tələbə yoldaşlarımızın arasından o qədər də ünsiyyətimiz olmayan birini görməkdən belə burnumuzun ucu göynəyir. Və beləliklə doğma Universitetimizin daşı, divarı üçün belə darıxmaq hissi ilə yaşamağa başlayırıq. Bu hisslə aramızda olub keçənlərdən söz salmayacağam. Çünki bu duyğunu hər kəs bilir və bütün "darıxmaq" hekayətləri bir-birinə bənzəyir. Əlində olan gözəl və pis günləri həmişəlik və ya bir müddətlik itirirsən və bu hiss bizi yavaş-yavaş əsir almağa başlayır.

 

Beləliklə, insan bu dönəmdə bütün kinindən, qərəzindən, nifrətindən xilas olur. Dostluqların dəyəri artır, sildiyiniz şəkillər bir-bir geri qaytarılır, yalın ayağı torpağa basmağın verdiyi xoşbəxtliyi, günəş üzümüzə vuranda aldığımız ifadəni xatırlamaq, tək, hürr, özgürcəsinə, bu cənnətin bizim olduğunu bilmək insanı ümidləndirir və beləliklə, dünyanın ən gözəl duyğusunun yaşamaq olduğunu dərk etmək insanın aldığı nəfəsə hörmət etməsinə gətirib çıxarır. Bəlkə də koronavirus adlanan bəlanın insanların düşüncə tərzininin, təfəkkürünün dəyişilməsi, ümumiyyətlə yeni dünya düzəninin yaradılması baxımından bu cür müsbət yanları da var.

 

Baş vermiş bu hadisənin texnologiyanın yüksək dərəcədə inkişaf etdiyi zamana təsadüf etməsi təsəlliverici haldır. Uzun müddət həyata keçirilməsi gözlənilən onlayn təhsilin Universitetimizdə tətbiqi, müəllimlərimizin tələbələrlə davamlı olaraq ünsiyyəti bu vəziyyəti, az da olsa, yumşaldır. Bütün bu şəraitə, isti münasibətə görə isə Universitetimizin rəhbərliyinə, doğma müəllimlərimizə minnətdarıq. Necə deyərlər, virtual ünsiyyət vizual ümidə mane ola bilməzdi. Əslində müəllimlərimiz və dostlarımızla virtual ünsiyyət zamanı gələn "Alo... Alo..." səsləri birlikdə keçirdiyimiz o gözəl günləri bizə xatırlada bilir. Hərdən elə olur ki,  biz bu səsləri eşidə bilmirik. Ümid edirəm ki, ən yaxın günlərdə o səslər daha gur səslənəcək. Tələbə dostlarıma təsəlli, ümid ruhunda yazdığım yazımı Nazım Hikmətin misraları ilə bitirmək istəyirəm:

 

"Gözəl günlər görəcəyik, uşaqlar,

Günəşli, gözəl günlər...

Gəmiləri maviliklərə sürəcəyik, uşaqlar,

İşıqlı maviliklərə..."