https://www.zirve.edu.az/
17.04.2020 12:00
Deputatın yataqxana xatirələri: “Bəzən çörək pulu tapmırdım, amma...” -RUBRİKA
Çap et

 

 

“Düz 40 ildir ki, yataqxanadan çıxmışam, amma həmişə fikirləşmişəm ki, nə vaxtsa  ora qayıdım,bir vaxt qaldığım o balaca, təqribən 6 kvadrat metrlik otağı bir daha görüm. Amma nədənsə bu illər ərzində hələ ora gedib çıxa bilməmişəm”.

 

AzEdu.az təhsil portalında  “Tələbə yataqxanası”  rubrikasının növbəti qonağı  millət vəkili Aydın Mirzəzadədir. O, rubrikanın şərtinə uyğun olaraq, tələbəlik illərinin unudulmaz çağları olan yataqxana xatirələrini bizimlə bölüşəcək. Universitetlərimizin  yataqxanalı çağlarının nostalgiyasına bürünüb, həmin maraqlı illərə qayıtmaq istəyirsinizsə, başlayaq...

 

Mən, uzaq səfərə yol alan gəmi...

 

-Mən 1975-1980-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri  İnstitutu adlanan ali məktəbin (indiki Memarlıq və İnşaat Universiteti-red.)  İnşaat fakültəsinin sənayə və mülki tikinti ixtisasında təhsil almışam.  Tələbəliyin ilk üç ilini kirayələrdə qalmışam, dördüncü-beşinci kursda, yəni  1978-80-ci illərdə isə institutun yataqxanasında qaldım.  İş elə gətirdi ki, yataqxanada iki nəfərlik otaqda qalası oldum. Birinci il Lənkərandan olan Adil, ikinci il isə öz qrup yoldaşım, valideynlərini itirmiş bakılı Tərlanla yaşadım. Hər ikisi ilə mehriban olmuşuq. İndi Adil Bakıda yaşayır, bizneslə məşğuldur. Tərlansa Belarusda yaşayır, çox təəssüf ki, onunla hazırda heç bir əlaqəm yoxdur. Yataqxana, deyərdim ki,  çox əhəmiyyətli, olduqca dəyərli bir mühitdir. Orada  insanları daha yaxşı tanımaq, həyatı  daha yaxşı öyrənmək, eyni zamanda özünə kənardan baxmaq imkanı yaranır. Burada yaşayanlar  rayondan gələnlər olur və hər biri  öz böyüdüyü mühitin dəyərlərini yataqxanaya gətirir.  Bunun sayəsində Azərbaycanı tanımaq, hər bölgə haqqında təəssüratlı olmaq, keçmişi bilmək, gələcəyə dair planlar qurmaq olur. 

 

Aydın müəllimlə birgə zamanda səyahətə başlayırıq. Onun söhbətləri ilə bizim təsəvvürümüzdə  tələbəlik illəri canlanır.

 

Ancaq xoş təəssüratlar...

-Yataqxanada  keçən tələbəlik illərimə dair ancaq xoş təəssüratlarım var. Neqativ xarakterli uşaqlara heç rast gəlmədim.  Hamı təhsilli olmağa, özünü yaxşı tərəfdən, yoldaşcanlı göstərməyə çalışırdı.  Hesab edirəm ki, yataqxanada qalan tələbə heç vaxt çətinliyə düşmürdü, çünki  mühit onu formalaşdırır, düzgün yol tapmağa kömək edirdi.  Problemi yaranan kəsə mütləq  kömək edirdilər... Kimin nöqsanı olardısa, digərləri  ona baxıb, buraxdığı səhvi  təkrarlamağa çalışardı

 

Mən  yaxşı oxuyur, həm də institunun ictimai həyatında yaxından iştirak edirdim. İnstitut- tələbə təşkilatı şurasının üzvü, fakültə gənclər təşkilatının sədri idim. Yataqxanada isə “Yataqxana Şəhərciyi Şurasının sədr müavini seçilmişdim.  4 yataqxana var idi. Düzdür, heç kimin işinə qarışmırdıq, nəsə öyrətmək fikrindən uzaq idik. Amma  ümumi şəkildə tələbə həyatının problemsiz olmasına öz köməkliyimizi göstərməyə çalışırdıq.

 

“Hər səfər könlünü sıxır inlədir
Ayrılan cisimdir, ruh səninlədir”.

 

Tələbəlik illərinin xoş xatirələrinin yanında həmişə bir ehtiyac duyğusu olur. Nəyə ehtiyac? –Doğmalara, isti ailə ocaqlarına, qayğıya,  pula və s.

 

20 qəpik qəzet pulu..

 

-Mən eyni zamanda siyasətlə çox ciddi maraqlanırdım. Ona görə də hər gün səhər tezdən mütləq həmin dövrün aparıcı siyasi qəzetlərini alırdım və qeyd edim ki, mənim hər gün 20 qəpik ehtiyatda pulum olurdu.  O  20 qəpiyə 4-5 qəzet alırdım. Bəzən çörək pulu tapmırdım, amma o ehtiyat 20 qəpiyi xərcləmək mənim heç ağlıma da gəlmirdi. 

Buna görə də tez-tez tələbə yoldaşlarım, yataqxanada yaşayanlar siyasətlə, partiya işilə maraqlandığımı bilərək məni  həmin dövr  məsələlərinə dair müzakirələrinə dəvət edirdilər və yaxud bu barədə söhbətləşirdik.  Yataqxanada ümumən götürdükdə pis oxumaq mümkün deyildi, hətta intizamsız, dərsə həvəsi olmayan tələbəyə belə bu mühit təsir edirdi, O mütləq dərs oxumağa, insan olmağa  çalışırdı.

 

Aydın müəllim qeyd edir ki, yataqxana həyata kövrək müstəqil adımlar atan bir yeniyetməni bərkə-boşa salaraq əsl insan kimi formlaşdırır. Necə deyərlər, o, həyatın pis və yaxşı, ağ və qara- hər üzünü görür:

 

-Yataqxanada bir insan kimi formalaşmaq üçün bütün imkanlar vardı;  Komendant, başqa işçilər də bizə qarşı çox yaxşı münasibətdə idilər. Yataqxana şəhərcəyində yeməkxana, iki mağaza vardı. Binanın yaxınlığında isə həyat üçün vacib olan bütün mağazalar, xidmət sahələri vardı. Harasa uzaq bir yerə getməyə ehtiyac qalmırdı. 

 

Könlüm keçir Qarabağdan...

 

-Qeyd edim ki, həmin yataqxanada məcburi köçkünlər yaşayır. Düz 40 ildir ki, ordan çıxmışam, amma həmişə fikirləşmişəm ki, nə vaxtsa  ora qayıdım, bir vaxt qaldığım o balaca, təqribən 6 kvadrat metrlik otağı bir daha görüm. Amma nədənsə bu illər ərzində hələ ora gedib çıxa bilməmişəm.  Ümid edirəm ki, torpaqlarımız işğaldan azad olunar, yataqxanada qalan məcburi köçkünlərimiz öz doğma torpmaqlarına qayıdarlar və 60-70 yaşı olan bu yataqxana binalarının yerində müasir, bütün infrastrukturları olan bir yataqxana şəhərciyi salmaq mümkün olar.

 

Yataqxana xatirələrindən nə qədər xoş danışsaq da,  müsahibizin də dediyi kimi 60-70 yaşlı binalar hazırda  aztəminatlı  tələbələrin yaşaması üçün məcburi bir sığınacaq yerinə çevrilib. Aydın müəllimdən həm kirayədə, həm yataqxanada qaldığı üçün indiki tələbələrə harda yaşamağı məsləhət gördüyünü soruşduq:

 

-Hesab edirəm ki, tələbənin kirayə evlərdə ya yataqxanada  qalmasının fərqi yoxdu.  Əsas odur ki, valideynlərin əziyyətini itirməyəsən, dərslərini yaxşı oxuyasan, intizamlı olasan, gələcəyin yaxşı mütəxəssisi olmağa çalışasan.  Kirayə evlərdə belə qalan tələbələr vaxtaşırı yataqxanada qalan öz tələbə yoldaşlarının yanına gedirlər. Yəni yataqxana həyatından məlumatlı olurlar. Həm kirayə  evdə, həm yataqxanada müstəqil yaşamaq istər-istəməz yeniyetmələrimizi böyüdür.  Onları həyatın çətinliklərindən keçirdir.  Əsas dediyim kimi məsuliyyətli olmaqdır.  Dörd ili boş yerə itirməməkdir. 

 

Son olaraq ümidli cümlə

 

-Mən özüm indi ali məktəbdə dərs deyirəm və çox ciddi, məsuliyyətli, ixtisasını yaxşı bilmək istəyən  özünü gələcəyə hazırlayan gözəl bir gənclik görürəm. Onların hər birinə  dərslərində və gələcək həyatlarında uğurlar arzulayıram!