Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 12:00:00
Xocalı soyqırımı haqqında dəhşətli xatirələr – “Sonsuz dəhliz” filmi-VİDEO

Xocalı faciəsi bəşər tarixində törədilmiş ən ağır, ən dəhşətli soyqırımı aktıdır. Bu hadisə neçə illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi, erməni vandallığının bariz nümunəsidir. Söhbət həlak olmuş dinc sakinlərin sayı ilə yanaşı, törədilmiş qətliamın insanlığa sığmayan mənzərəsindən gedir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla 613 Xocalı sakini vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə bütövlüklə məhv edilmiş, düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanmış, 1725 nəfər əsir götürülmüş, gülləbarandan qorunmaq cəhdi ilə meşələrə üz tutan neçə-neçə günahsız insan – uşaqlar, qadınlar, qocalar yollarda donmuşlar.

Qətliam zamanı təsadüfən Xocalıda olmuş tanınmış Litva jurnalisti, “Ladziyay ulduzu” ictimai-siyasi qəzetinin baş redaktoru Riçardas Lapaytis taleyin hökmü ilə faciənin canlı şahidinə çevrilmiş, baş verənləri qələmə almağa müvəffəq olmuş, yazılanlar 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş “Sonsuz dəhliz” sənədli filmi vasitəsilə dünyanın bir çox ölkələrində nümayiş etdirilərək beynəlxalq ictimaiyyətin mühakiməsinə verilmişdir.

Dövlət Tərcümə Mərkəzində olmuş Riçardas Lapaytisin həmin dəhşətli hadisə ilə bağlı söhbətini təqdim edirik.