https://www.zirve.edu.az/
24.02.2020 09:44
Şagirdlərimiz ABŞ-da 5 milyon dollar uğrunda yarışacaqlar - Fotolar
Çap et

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis dili bölməsinin 9-cu sinif şagirdləri Aylin Sadıxova və Sıla Sunan 10-15 may 2020-ci il tarixlərində ABŞ-ın Kaliforniya ştatının Anaheim şəhərində baş tutacaq ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər. 

AzEdu.az xəbər verir ki, şagirdlərimiz ölkəmizi, “Sabahın alimləri” ümumrespublika müsabiqəsində bu il onlara birincilik qazandıran, “Günəş enerjisi ilə əsaslanan çoxsaylı məhsul sistemi” layihəsi ilə təmsil edəcəklər.

Hər il bütün dünyada milyonlarla şagird elmə dair keçirilən müxtəlif sərgilərdə iştirak edir və onlardan yalnız 1800 nəfəri ISEF-ə qatılmaq hüququ qazanır. İştirakçılar ISEF sərgisində bu il ümumi dəyəri 5 milyon dollar olan mükafatlar uğrunda mübarizə aparacaqlar. Bu sərgidə Azərbaycandan ümumilikdə 7 şagird 4 layihə ilə iştirak edəcək və onlar BP şirkətinin maliyə dəstəyi ilə sərgiyə göndəriləcəklər.

Şagirdlərimizin hazırladıqları layihənin əsas məqsədi müəyyən sistem vasitəsilə ətraf mühitə zərər vermədən günəş enerjisindən istifadə etməklə gübrə, enerji və saf su əldə etməkdir. Proses zamanı üçbucaq güzgülər vasitəsilə konsentrasiya edilmiş günəş enerjisi bioloji tullantılara yönəldilir. Yanma zamanı ayrılan istilik, filtrlərdən keçirilmiş dəniz suyunu qaynatmağa başlayır və daha sonra buxar turbinini hərəkətə gətirir. Yaranmış kinetik enerji elektrik enerjisinə çevrilərək akkumulyatorlarda saxlanılır. Suyun qaynadılması zamanı alınan buxar isə turbindən keçdikdən sonra kondensasiya olunaraq saf su şəklində ayrılır. Bioloji tullantılar da prosesin yekununda müvafiq olaraq bioloji gübrələr şəklində istifadə edilir.

Bu layihənin ərsəyə gəlməsində şagirdlərimizə lazımi dəstəyi göstərən mərkəzimizin biologiya müəllimi Ağca Qasımova uğurun səbəbini belə izah edir: “Bu nailiyyətin arxasında planlı və məqsədyönlü çalışma var. Biz bir komanda olaraq şagirdlərimizdə formalaşan ideyanı daha da inkişaf etdirərək üzə çıxarmağa nail olduq. İstər bu layihədə, istərsə də digər fəaliyyətlərdə məqsədimiz şagirdlərimizdə özünəinam, yaradıcılıq, innovativlik və komanda ruhu kimi zəruri xüsusiyyətləri kəşf edərək onları daha da təkmilləşdirməkdir”.

Məlumat üçün bildirək ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin birlikdə təhsilini təmin edən STEAM sistemindən istifadə olunur. Bu sistem şagirdlərimizin tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir və həmçinin onların müstəqil şəkildə kəşflər etməsinə fürsət verir. Aşağıdakı keçiddən daha ətraflı məlumat əldə edilə bilər