Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 15:23:00
DİM keçid ballarını aşağı saldı-YENİLİK

Dövlət İmtahan Mərkəzi yanvarın 26-sı doktorantura və dissertanturaya qəbul üzrə xarici dil fənnindən  keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki,  imtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib, ümumilikdə 20 və daha çox bal toplamış namizədlər fəlsəfə imtahanına buraxılıblar.

İmtahanın nəticələri ilə namizədlər DİM-in internet saytında cavab kartının və esselərin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda 1489 namizəd iştirak edib. 30 nəfər imtahana gəlməyib. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahan nəticələrinə əsasən 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunmuşdur.

Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Qeyd edək ki, İmtahan nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün 2020-ci il 3-4 fevral tarixlərində saat 10.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında, keçmiş Bakı Asiya Universitetinin binasında) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Namizədlər Apelyasiya Komissiyasına şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.