https://www.zirve.edu.az/
13.12.2019 16:04
Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Dekabrın 13-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

AzEdu.az məlumatına görə, İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə və xürafata qarşı mübarizəsi və aktuallığı” mövzusunda məruzə ilə çıxış edib.

Ümumən soydaşlarını, o cümlədən bütün Şərq qadınlarını oxumağa, maariflənməyə çağıran Mirzə Cəlilin: “Ey şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasanız qaranlıqda qalacaqsınız” fikrinə istinad edən məruzəçi yazıçının əsas amalının maarifçilik olduğunu xatırladıb.

"Molla Nəsrəddin" jurnalının nəşr olunduğu dövrün siyasi və ictimai mühitində yazıçının ən çox dini özünə qalxan edərək insanların vicdani duyğularını istismar edənlərlə mübarizə apardığını diqqətə çatdırıb.

 O, həm də Mirzə Cəlil irsinin müasir dövrdə də aktuallığını qoruyub saxladığını bildirib.