Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 18:00:00
Sabiq nazir: “Universitetdə “dayım yoxdur” cavabını eşidən müəllimim məni çox incitdi”- MÜSAHİBƏ

Əvəz Ələkbərov: “Yaxşı təqaüd alsam da, axşamlar işləyib pul qazanırdım”

AzEdu.az Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, “Professorlar klubu” Rəyasət heyətinin sədri, keçmiş Maliyyə naziri Əvəz Ələkbərov ilə müsahibəni təqdim edir.

stər elm, istərsə də təhsil istiqamətində fəaliyyət göstərən alimlərə ilk bu sualı ünvanlayırıq: Hazırda elm və təhsilin inteqrasiyasından nə dərəcədə razısız? Bu vəhdətin faydalı iş əmsalını necə qiymətləndirirsiz?

-“Əgər  ölkəni inkişaf etdirmək, dövləti tanıtmaq və beynəlxalq aləmdə  böyük nüfuz qazanmaq istəyiriksə, elm və təhsildən yararlanmalıyıq”. Bu, mənim yox, Bismarkın sözüdür. O, Almaniya dövlətinin qurucusu, böyük islahatçı və baş nazir olub.

Təhsil sistemi hər bir ev və ailə ilə bağlıdır. Bu sahə uşaq bağçası, orta məktəb, universitet, Elmlər Akademiyası və  cəmiyyətin bütün  aparıcı sahələrini əhatə edir.

Elmə gəldikdə isə o daha az insanları əhatə edir: bizdə elmlə məşğul  olan insanların sayı  haradasa 10-15 mindir. Lakin  təhsillə bağlı şəxslərin sayı  400 minə yaxındır. Bu baxımdan, biz elmdən istifadə etməli və bu sahədə kadrlar yetişdirməliyik. Onlar isə öz növbəsində  dövləti  tanıtmaq və  ölkəyə fayda vermək üçün lazımlı tədbirlər görməlidilər.

Elm həm də ciddi gəlir gətirməlidir. Müəyyən fundamental  sahələr  dövlət və büdcə tərəfindən maliyyələşməli, amma digərləri isə pul qazanmağa istiqamətlənməlidir. Xoşagələn haldır ki, Azərbaycanda Cənab Prezidentin  rəhbərliyi ilə  elmə və təhsilə böyük önəm verilir. Həmçinin, Hörmətli Mehriban xanımın mədəniyyətə, sosial sahələrə qayğısı nəticəsində ölkəmiz inkişaf etməkdə olan təməl daşını  artırır və   faydalı  kadrlar yetişdirməyə yönəlir.

İlk növbədə təhsildə olan məsələləri həll etməliyik. Hər  valideyn   övladına şərait yaratmalıdır ki,  o orta təhsil alsın. Sonra isə   biz övladlarımızı məcbur etməməliyik ki, sən hökmən hüquqşünas, iqtisadçı ol.  O, özü seçim etməlidir. Mən auditoriyada tələbələrlə söhbət edirəm. Onların bəzilərinin daxilində hələ də  qeyri-müəyyənlik var. Kimə oxşamaq istədiklərini və neyləyəcəklərini bilmirlər. Amma tələbə  bilsə ki, onun həyatı, gələcək mövqeyi bununla bağlıdır o zaman onun marağı  çoxalar.  Gənclər iki şeyi  özləri seçməlidilər: həyat yoldaşı və professional olaraq hansı çalışacaqları sahəni...  Ömürləri   70, 80 və 100 ildirsə,   bu iki şey  daima onlarla eyni yolda addımlayacaq.

Əgər biz diplomlu professional kadr  yetişdiririksə, onlar da  həqiqətən öz peşələri ilə məşğul olmalıdılar. Universitetimiz bu baxımdan çox  yenilikçidir. Biz həm tədrislə məşğul olur, həm də elmi tədqiqat işi aparır, bu sahədə önəmli  olmaq üçün çox işlər görürük. Məsələn, beynəlxalq əhəmiyyətli jurnallarda  məqalələrimiz çap olunur. Bu baxımdan, universitetdə   differensial əməkhaqqı  yaradılıb. Bu sistem  elmi fəaliyyətə daha çox üstünlük verir. Əgər ötən illərdə 50 faiz  tədrisə və  50 faiz də elmə fikir verilirdisə, hazırda universitet rəhbərliyinin  göstərişi ilə  elmi fəaliyyətə 70, tədrisə isə 30 faiz diqqət ayrılır. Çünki  tədris  artıq bizdə püxtələşib. Dərs kitabları, proqramlar və  tədrislə bağlı çox işlər görülüb. Amma professor və alimlərimiz  beynəlxalq aləmdə bizim universitetin imicini formalaşdırırlar. Bu baxımdan, hələ də elmi fəaliyyət azlıq təşkil edir. Bunu stimullaşdırmaq üçün universitet bəzi işlər görür. Belə ki, 850 müəllimin içərisində  100 nəfər seçilir. Onlardan birinci 10-luğa düşənlərin əməkhaqqısı 100, 30-luğa  düşənlər  70, 60-ğa  düşənlərin  isə 50 faiz artırılır, üstəlik kim tədqiqatçı alim adı alırsa ciddi əlavələr olacaq. Yerdə qalan şəxslərin məvacibi  isə 20 faiz artırılır. Bu stimul yaradır ki,  biz beynəlxalq jurnallarda məqalələr  çap etdirək, özümüzü tanıdaq və dünya miqyaslı konfranslarda çıxış edək. Bu yolla həm Azərbaycan tanınsın, həm də  elmlə tədrisin vəhdəti həyata keçirilsin. Elə şərait yaransın ki, tədrislə başqa, elmlə isə başqa  müəllimlər məşğul olsun.

Elmlə əlaqəli  olan və tədqiqat işləri aparan müəllimlər fərqlənməli və onlara  artıq əməkhaqqı verilməlidir. Bu baxımdan   universitetlərin hədəfləri böyükdür.

Bizim universitetin nəzdində elmi-tədqiqat institutu, 20-dən çox laboratoriya, elm mərkəzləri var. Düşünürəm ki, biz bu göstəricilərlə hədəflərə  nail olacağıq.

Bizim universitetin nizamnaməsi təsdiqlənib:  Burada “Publik-hüquqi Şəxs” adı təsis olunub. Yəni, biz pul qazanmağa  üstünlük verməliyik. Əvvəllər  pul qazanmaq yerimiz tələbələrin illik təhsil haqqı idisə,  hazırda elmi-tədqiqat  və digər fəaliyyətlə məşğul  olub həm  universiteti  tanıtmağa, həm də əlaqədar  yaratmağa çalışırıq.

Universitetdə yeni texnologiyalar  qurulmalı,   müəllimlər daha yaxşı yaşamalı və sosial problemlər həll olunmalıdır. İqtisad Universitetinin müəllimlərinin beynəlxalq jurnallarda məqalələri çap olunanda   buna görə əlavə pul alırlar. Tələbələri də bu konteksdə yetişdirsək,  gələcəyimiz  çox səviyyəli olacaq,

Universitetimiz dünyanın 1000 universitetindən biri olmaq  üçün çalışır və bu yolda addımlar atırıq”.

ox maraqlı bir məsələyə toxundunuz - Valideynin gəncin üzərində nüfuzu... Bu  nüfuz onun iqtisadi təfəkkürünə,  analitik tədqiqatçılıq qabiliyyətinə  nə dərəcədə zərbə vurur? Bundan çıxış yolunu nələrdə görürsüz?

-Sizə açığını deyim ki,  indiki  cavan nəslin  tarixi bir missiyası var. Təsəvvür edin ki, onlar minilliyin, yüzilliyin dəyişən dövründə anadan olublar. Onlar sosializm lageri düşərgəsinin ləğv olunub yeni bazar iqtisadiyyatı yarandığı  cəmiyyətə və biznesə  köklənən iqtisadiyyata  gözlərini açıblar.

İnformasiya texnologiyaları son 20 ildə  ölçüyəgəlməz dərəcədə inkişaf edib. Sosial şəbəkələr, məlumat bazaları genişlənib. Əvvəllər iki televiziya kanalı və bir radio var idi.

Amma indiki gənclər bilmir ki, valideyni dinləsin, yoxsa dostları ilə informasiya cəmiyyətində mübadilə aparsın. İnformasiya çox böyük anlayışdır. 

Mənim iki oğlum var. Onlardan çox razıyam. Biri bank işində fəaliyyət göstərir, digəri isə Energetika Nazirliyində çalışır. Övladlarımla  dost kimi davranıram. Hətta onların dostları ilə də söhbət edirəm. Onlardan soruşuram ki, uşaqların problemləri  nədir? Cəmiyyətə baxışları necədir? və s. Bu baxımdan, gərək valideynin özünün səviyyəsi olsun. Tək kitab oxumaq və internetdən  nəyisə öyrənməklə  bunu etmək olmaz. Valideyn  övladına  ilk növbədə ailə münasibətlərini, ana və ataya davranışı öyrətməlidir. Bu gün uşaqlarımız da bunu hiss etməlidir. Əgər onların atası işdən yorğun gəlibsə,  onu əsəbləşdirməməlidirlər və ya anaları   iki çeşid xörək bişiribsə, onu rədd edərək heç birini yeməmək əvəzinə analarına dəstək olmalıdılar. Düşünürəm ki, valideyn  övladına düz və doğru yolu göstərməlidir. Onlara anlatmalıdır ki,  oğurluq etmək, küçədən keçərkən  kimsə   nəsə vermək istəyirsə,  valideyndən soruşmadan onu almaq olmaz. Bəlkə  kimsə sizə qarşı  xoşagəlməyən maddə  vermək istəyir. Çoxumuzun həyətyanı sahəsi var. Bir ağacı əkən zaman uşaqlar yanınızda olsun. Ağacın qurumuş yarpağını kəsən zaman uşaq onu  görməlidir. Uşaqlar hazırda çox şeyi sındırmağa meyillidirlər. Biz uşaqlara öyrətməliyik ki,  bunun dəyəri var. İlk yaşdan uşaqlar bunu bilməlidilər. Uşaqlar 3-4 yaşından anlamalıdılar  ki,   vergi  məcburidir, ondan  yayınmaq olmaz. Bir dəfə Kembric Universitetinin rektoru ilə yemək yeyirdim. O zaman nazir işləyirdim. Səhər-səhər gördüm ki,  rektorun  əhval-ruhiyyəsi pozulub. Soruşdum ki,  nə hadisə baş verib. Dedi ki,  dünən bir tanışımız  vergidən yayınıb və bunu cəmiyyət, mətbuat bilib  və o, bu vəziyyətə dözməyərək  intihar edib. Yəni biz  bilməliyik ki,  vergi  pensiyaçıları saxlamaq, dövlətçiliyi qorumaq, təhsili, elmi inkişaf etdirmək   və dövlətin çoxlu qayğılarını, təhlükəsizliyini təmin etmək üçündür. Əgər biz vergidən yayınırıqsa,  deməli bu sahələrin inkişafına mane oluruq.

Uşaqlara 3-5 yaşından deməliyik ki,  bizim evimiz var və bədbəxt  hadisə baş versə, onu sığorta etdirməliyik. Anlatmalıyıq ki, sığorta şirkəti  maşın cızıldıqda, onu vurduqları zaman dəyən xərci ödəyir.

Biz ailə büdcəsini formalaşdırmağı uşaqlara öyrətməliyik. O, yalnız kişinin əlində olmamalıdır. Xərclərimizi gəlirə uyğun şəkildə formalşdırmalıyıq. Mən düşünürəm ki,  hər bir ailədə belə bir  tərbiyə olsa,   ölkəmizdə maliyyə  savadlılığı ,  sığorta və bank   mədəniyyəti  çox yüksək olar.

Biz uşaqlara aşılamalıyıq ki, nağd pul  ilə hərəkət etmək olmaz. Bu  bir neçə baxımdan sərfəli deyil. Nəğd pul xarab olur və bunun çapına dövlətimiz  hər il böyük pul ödəyir. Amma biz bunu online və kart vasitəsi ilə həyata keçirsək, həm pulu  itirmərik , həm də vaxtında istədiyimizi əldə edərik.  Mənə belə gəlir ki, bu cəmiyyət üçün çox lazımdır. Yaşından asılı olaraq  hər bir uşağa vətənpərvərlik aşılanmalıdır. Birinci olaraq o, ana dilini bilməlidir. İkincisi isə cəmiyyətə  fayda verməli və əsgərlikdə olmalıdır. Bizim torpaqların 20 faizi işğal altındadır. Biz hamımız bir vətəndaş kimi müharibəyə  hazır olmalıyıq. Cənab Prezidentin çağırışına   cavab verməliyik. Mən Türkiyədə belə bir  hadisənin şahidi olmuşam. Gözəl bir qıza elçi gəlirlər. Lakin oğlan  əsgəri xidmətdə olmayıb. Bu zaman deyillər ki, əvvəlcə əsgəri xidmətini çəksin və qızımız o zamana qədər gözləyərsə,  qapımız sizə açıqdır. Görün, onlarda dövlətə olan sevgi nə dərəcədədir.

Mən çox sevinirəm ki,   bütün   həyətlərdə   çiçəklər və  güllər əkilir. Bu gözəlliyi bütün aləmə  yaymalıyıq. Lakin bəzilərimiz küçələrə yazılar yazır, zibillər tökür, maşınla gedərkən siqaret çəkib  onu pəncərədən atırıq. Bunları insanlara uşaq vaxtından aşılamaq lazımdır.

Özümü hər zaman xoşbəxt hesab edirəm ki, atam mənə yaxşı tərbiyə verib və nəsihətlərini əksik etməyib. O, hər zaman deyirdi ki,  zəhmətdən yapışın və çalışın ki,  cəmiyyətə fayda verin, tamahınızı saxlayın. 

Uzun müddət  dövlət idarəetmə sahəsində işləmişəm. Maliyə Naziri, Dövlət Sosial Müdafiə Fondunun sədri, 10 il Nazirlər Sovetində  iqtisadiyyat şöbəsinin müdir müavini olmuşam. Bu illər ərzində  atamın dedikləri mənim qulağımda sırğa olub. İndiki cavan nəsil çox zəhmət çəkmək istəmir. Mən universitetdə oxuyanda 45 manat təqaüd alırdım. Axşamlar isə iş götürürdüm və oradan da 80 rubl qazanc əldə edirdim ki,  atama yük olmayım. O zəhmət isə gec-tez faydasını verdi.

Övladlarımızın həm  təhsil, həm də elmlə məşğul olub  fayda verməsi üçün yaxşı dostlar lazımdır. Onlar  Azərbaycanda gedən prosesləri müzakirə etməlidilər. Mən övladlarımı normal şəkildə böyüdürəmsə,  həyat yoldaşım və mən bir-birimizi seviriksə və cəmiyyətə fayda verməyə çalışırıqsa, hər şey yolunda olacaq. Kişi ailə üzərində qoruyucu, mayak və yol göstəricidir. Xanım isə bu işləri tənzimləyən şəxsdi. O övladlarının  yanında daha çox olur. Elə ailə var ki, ata  ilə oğlun münasibəti  sərin olur və ana bunu  tənzimləyir. Bu baxımdan  hər bir ailədən çox şey asılıdır. Ona görə də çoxlu işləməliyik. İndi  nə kitablara, nə də qəzetlərə maraq yoxdu. Hamı internetlə məşğuldu. Tələbəyə sual verirəm ki,  25 25-ə vuranda neçə edir. Deyir ki, telefonda hesablayım. Beyin inkişaf etməlidir. İnsanın beyni hər  şeydən üstündür. Əgər beynimizi yaxşı şeylərə kökləyib hər gün inkişaf etdirsək, irəliyə doğru addım ata bilərik. 

Ölkəmizdə cəmiyyət həmrəyliyi  olmalıdır. Tutaq ki, bələdiyyələrə seçkilər gedir. Mən evimdə oturum və səs verməyim ki, mənim səsimdən nə olacaq ki? Sabir demişkən, millət necə tarac olur-olsun nə işim var. Bu, olmaz! Çünki bura bizim vətənimizdi. Heç kim onu bizdən artıq sevməyəcək. Valideynlərimizin ruhu bu torpaqlardadır. Onların qəbirləri  buradadı. Vətənin yaxşı şeylərinə sevinmək lazımdır. Amma onun   probleminə də can yandırmaq lazımdır”.

vəz müəllim, qeyd etdiniz ki, valideyn amili bu məsələdə çox vacibdir. Bəs universitetlərin üzərinə bu baxımdan, nə yük düşür? Bu gün tələbələrin  iqtisadi təfəkkürünü inkişaf etdirmək üçün hansı yollara əl atılmalıdır?

-Düşünürəm ki, uşaq bağçalarında  olan alma və şar şəklinin yanına   təhsil sözü də əlavə olunmalı və onun qısa açıqlaması  yazılmalıdır. Həmçinin, biz orada   büdcə, ailə büdcəsi  haqqında məlumatlar verməli və onların yaşına uyğun söhbətlər aparılmalıdır. Müxtəlif nağıllar hazırlamalıyıq. Sığorta sözünün mənası açıqlanmalıdır. Onlara anlatmalıyıq ki, sığorta müəyyən hadisələrdən bizi qorumaq üçün vasitədir. 

-Elmin kommersiyalaşdırılması istiqamətində hansı tədbirlərə əl atılmalıdır?

-Elmi İnkişaf Fondunda müəyyən işlər görülür. Elmə əlçatanlılığı artırmaq üçün həm də az məbləğdə  kreditlər ayrılmalıdır. Elm sahəsində əldə olunan nəticələrə görə stimullaşdırıcı məbləğlər verilməlidir.

Məsələn, Scopus  tipli jurnalda məqaləsi çap olunan müəllimə bizim universitet pul verir. Lakin onun məbləğini artırmaq lazımdır. Düşünürəm ki, bu bütün universitetlərdə olmalıdır.

Elmin məbədi  Elmlər Akademiyasıdı. AMEA-da  yeni rəhbərliyin böyük işlər  görəcəyinə inanıram. 35-40  yaşında olan doktorların böyük dəstəyə ehtiyacı var. Düşünürəm ki, çoxlu elmi dərnəklər yaradılmalıdır. Elmi polemika qurulmalıdır. Əsl tələbə elmi cəmiyyətləri  formalaşdırılmalıdır. Tək bizim universitet  yox, başqa universitetlər də bu yola əl atmalıdır.

-Bu gün universitetlərdə təhsil menecmentinin inkişafı üçün hansı tədbirlər görülməlidir? 

 

-Təhsil menecmenti çox vacibdir. Bizim kafedranın 6 elmlər doktoru, 19 dosenti və 42-i işçisi var. Əgər burada biz idarəetməni düzgün qurmasaq, tədris, elm, kitabların çapı, müəllim tələbə münasibəti  düzgün surətdə inkişaf etməz. Hər şeyin başında idarəetmə dayanır. Bu, hər yerdə belədir. Ailədə və şirkətlərdə də bu tipdə tənzimləməni həyata keçirmək lazımdır. Bu mənada müasir formada tədrisin qurulması  çox vacibdir. Yəni  vətəndaş cəmiyyətində də bu proses olmalıdır. Valideynlər də tədris prosesində iştirak etməlidilər. İnsanlar tədrisdən razı qalmalıdılar. Hər şey açıq və demokratik şəraitdə olmalıdır.

Valideyn gəlib, dərsdə oturmaq istəyirsə, ona şərait yaratmaq lazımdır. İnteraktiv dərslərin sayı artırılmalıdır. UNEC Azərbaycan universitetlərinin içərisində birinci  interaktiv universitetdir. Bu o deməkdir ki,  professor, dosentin  internet üzərindən idarə olunan  kabineti var. Hər birimiz bu kabinetdən istifadə edirik. Burada dərsimizin harada olacağı, qrupun nömrəsi, həmin gün hansı mövzunu tədris edəcəyimiz, ədəbiyyat siyahısı, nümunəvi testlər və s.  haqqında məlumatlar əksini tapır. Mövzu üzrə  mühazirə mətni yerləşdirilir. Hər bir tələbənin kodu və kabineti də var.  

Bizim universitetdə 19-20 min tələbə var. Tələbə müəllimə qiymət verir. Diferensial əməkhaqqı sistemində tələbənin  bal verməyi  və məmnunluq səviyyəsi  qeyd olunur. Burada obyektivlik tam əksini tapmır.

Tutaq ki, mən çox tələbkar müəlliməm və bu zaman tələbə mənə az bal verəcək. Ona icazə vermirəm və haqlı olaraq qaib yazıramsa yenə də tələbə mənə az bal verəcək. Burada problem  yoxdur, amma tələbə qoy öyrəşsin. Yəni elə bir  şərait yaradılıb ki, tələbə öz sözünü deyə bilsin. Bütün menecment bu əsasda olmalıdır.

Bu gün çox universitetlərdə  himayəçilər  şurası yaradılıb. Bakı Dövlət Universitetində yaradılan Himayəçilər Şurasında tanınmış  şəxslər  iştirak edirlər. Bizim universitetdə də  bu şura yəqin ki, yaradılacaq. Yəni müasir ictimai nəzarət hər yerdə lazımdır. Tələbələrimiz facebook  ilə   rektora fikrini bildirə bilər. Rektor da onlara cavab verir. 

-Maraqlıdı, Əvəz Ələkbərovun özü necə şagird olub? Orta məktəb gələcəyin nazirinə nələr qazandırdı?

-Çox yaxşı  uşaq olmuşam. Nə valideynlərim, nə də  orta məktəbdə bir müəllim mənim üzərimə qışqırmayıb. Çalışmışam ki, tənqidə məruz qalmayım.

Evdə anam yeməyi bişirib işə gedibsə, mən onu qızdırıb yemişəm və qabları yuyub yerinə qoymuşam. Axşamdan dərsimi  hazırlamışam  və səhər gəlib sinifdə müəllimə cavab verib və axırda da bir sual ünvanlamışam.

Universiteti burada oxumuşam, UNEC-də. Bir müəllim məni incidib. Ona da səbəb o olub  ki, deyib mənə “sənin dayın kimdir?” o gəlsin. Demişəm ki,  mənim dayım yoxdur. Ona görə də o məni incidib. Mən əla oxumuşam, lakin  o müəllim mənə 3 verib. Hamı o müəllimdən narazı idi. Əsgərlikdə olanda komandir  mənə irad tutmayıb. Adi yaşayış qaydalarında   qonşularımla   salamlaşmamış keçməmişəm. Nazir işləyəndə də bütün nazirliklərdən şikayətçilər yanıma gəlib  və mən onlara kömək etmişəm. Yəni bu baxımdan heç kim ideal deyil. Amma özümüzü ideala oxşatmaq üçün  nələrsə etməliyik.

Səhər durub bir stəkan  su içir,  20 dəqiqə idman edir, sonra səhər yeməyimi yeyirəm. 

İnsanın  yaxşı vəzifə tutması üçün   iki şeyi vacib sayıram: birincisi şansdır.  Ola bilər, 10 nəfər eyni səviyyədə olsun, amma onlardan biri şanslı olsun. İkincisi isə  insanın özünün qabiliyyəti,  zəhmətkeşliyi olmalıdır. O zaman Cənab Prezident Heydər Əliyev  mənə dedi ki,  sənin fəaliyyətini neçə ildir ki, izləyirdim və qabiliyyətinə görə səni nazir seçdim. Mənim elə paltarım var ki, mən onu 15 ildir ki, geyinirəm. Hamı elə bilir ki, onlar yenicə alınıb”. Həmişə öz üzərimdə çalışmağa üstünlük vermişəm”. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları