Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 16:28:00
“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil,  yerinə bu tədris olunsun”- Hamlet İsaxanlı  

“Məktəblərdə ictimai elmlər, fəlsəfə və onların əsasları kimi fənlər tədris olunmalıdır. Belə dərslərin keçirilməsi daha doğrudur, nəinki din. Çünki din elm deyil. Vicdan, əxlaq və bu kimi mənəvi hisslər elmlə təhlil olunmur. Bunlar insanın öz daxili dünyasının məhsuludur”.

Bunu AzEdu.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi və Himayədarlar  Şurasının sədri, professor Hamlet İsaxanlı deyib.

Qeyd edək ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdləri üçün dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərinin tədris edilməsi nəzərdə tutulub.

Bu mövzu cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və  müxtəlif fikir ayrılıqlarına səbəb olur.

Hamlet İsaxanlı dini dərslərin keçirilməsini düzgün hesab etmədiyini deyir:

“Fəlsəfə fənninin daxilində  dinə də xüsusi yer ayrılıb.Amma burada çox dərinliyinə varılmır.

Məcburi din dərsi keçmək əvəzinə, onun yerinə fəlsəfi istiqamətdə olan dərslər keçirilməlidir”.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya  görə belə fənnin tədris olunması normal haldır.

Bu dərsin“Həyat Bilgisi adı altında keçirilməsi müsbət addımdı.Tək  din dərsini öyrətməkdənsə, onun bir fənn adı altında ümumi şəkildə tədrisi təqdirəlayiq haldır.

Dünyəvi dövlətdə dini dərsin ixtisaslaşmış formada keçirilməsi məqsədəuyğundu.

Bütün hallarda bu mövzuya müsbət yanaşıram.İslam dininin Azərbaycanda tutduğu mövqe üstün olduğu üçün onun tədrisinə daha geniş yer ayrılması düzgündü.İslamiyyətə bağlı ölkə olduğumuz üçün bu daha məqsədə uyğundu”.

Qeyd edək ki, hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Şükufə Süleymanlı